[b]AÇ-2016: 56 ilin yeganə azərbaycanlısı[/b]
29.04.2016 - 15:22
[b]AÇ-2016: 56 ilin yeganə azərbaycanlısı[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 42 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin tarixinə nəzər salıb, yarışın Azərbaycanla bağlı məqamlarını üzə çıxarır.

 

Sayca 15-ci dəfə təşkil olunan yarışın 56 illik tarixində yalnız 1 təmsilçimiz final mərhələsində çıxış edib. Hansısa Azərbaycan futbolçusunun Avropa çempionatının həlledici mərhələsində oynaması yalnız SSRİ dövrünə təsadüf edə bilərdi.

 

Çünki AÇ-1996-dan etibarən öz yığmamızda çıxış edən oyunçularımız nəinki final mərhələsi, heç ona yaxınlaşmaq barədə də düşünə bilməzdi. O vaxtadək isə ən yaxşılarımız SSRİ yığmasına düşmək xəyalı ilə yaşayır, bu da çox az sayda istedad nəsib olurdu. Avropa çempionatının final mərhələsində isə yalnız bir Azərbaycan oyunçusu – futbol tariximizin və “Neftçi”nin əfsanəsi Anatoli Banişevski çıxış edib.

 

2011-ci ildə apasport.az-ın layihəsinə uyğun keçirilən və AFFA tərəfindən tanınan səsvermə ilə “Azərbaycan futbolunun yüzilliyinin ən yaxşı oyunçusu” seçilən “9 nömrə” iki dəfə qitə çempionatının həlledici mərhələsində çıxış edib.

 

Buna nail olan yeganə təmsilçimiz 1968-ci ildə İtaliyaya yollanan yığmanın heyətində olub. 1960-cı ildə çempion, 1964-cü ildə finalçı olan SSRİ millisi yenə medal üçün final mərhələsinə yollanıb. 4 komandanın iştirak etdiyi mərhələ meydan sahibləri ilə yarımfinalla başlayıb. Banişevski həmin matça 4 nömrəli formada çıxıb. İyunun 5-də baş tutan qarşılaşmada qol vurulmadığından qalib püşklə müəyyənləşib. Hakimin atdığı xırda pulun hansı tərəfinin düşəcəyini italiyalıların kapitanı Fakketti tapıb və Banişevskili milli üzücü yenilgi alıb.

 

3 gün sonra millidəki “4 nömrə”miz İngiltərə ilə görüşün iştirakçısı olub. Bürünc medal uğrunda matçda Bobbi Çarlton və Ceff Herstin qolları Banişevskini medalsız qoyub.

 

4 il sonra bakılı istedad SSRİ yığmasındakı yeganə Azərbaycan təmsilçisi kimi Belçikadakı final mərhələsinə gedib. İyunun 14-də Macarıstanla yarımfinal matçında həmyerlimiz artıq yığmada da “9 nömrə” idi. 70-ci dəqiqədə Givi Nodiya ilə əvəzlənən Banişevski və komanda yoldaşları 1:0 hesablı qələbəyə sevinib. Həlledici qolu “İnter”in baş məşqçisi kimi Azərbaycanda çalışan, bir müddət Ukrayna Futbol Federasiyasının prezidenti olan Anatoli Konkov vurub.

 

4 gün sonra Avropa çempionu adı uğrunda final matçında SSRİ və AFR üz-üzə gəlib. İlk yarıda meydanda olub, fasilədə Oleq Dolmatovla əvəzlənən təmsilçimiz 0:3 hesablı məğlubiyyətə üzülüb. Bu, onun millidə sonuncu – 50-ci matçı olub. Gümüş medalla yığma karyerasını bitirən ulduzumuz son görüşdə Yupp Haynkes, Frans Bekkenbauer, Uli Höness kimi məşhurlara qarşı oynayıb.

 

Final mərhələlərində Azərbaycanla bağlılığı olan başqa simalar da çıxış edib. Amma futbolumuzun yeganə nümayəndəsi olan Banişevskinin davamçısı olacaq ikinci istedad tapılmayıb. Artıq bunun üçün yığmamızın seçmə mərhələni keçməsi vacibdi.

 

 

 

0