[b]AÇ-2016: Əbədi favorit[/b]
10.05.2016 - 16:00
[b]AÇ-2016: Əbədi favorit[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 31 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını C qrupu ilə davam etdirir. 

 

Püşkatmada 1-ci səbətdə yer alan Almaniya millisi təkcə qrupun deyil, qitə çempionatının əsas favoriti sayılır. İki il əvvəl dünya çempionu adını qazanan Bundestim eyni uğuru Fransada da təkrarlamaq iddiasındadı. Qatıldığı bütün yarışlarda çempionluğu hədəfləyən, əbədi favorit olan almaniyalılar İspaniya ilə birlikdə hamıdan çox – 3 dəfə Avropanın ən yaxşısı adını qazanıb. Lakin bu rekordun sahibi olan Bundestim 20 ildi 4-cü uğurunun həsrətindədi.

 

Sonuncu dəfə 1996-cı ildə Avropa çempionu olan Almaniya həmin vaxt Berti Foqtsun rəhbərliyi altında buna nail olub. Həmin Foqts ki, 2008-2014-cü illərdə Azərbaycan yığmasını da çalışdırıb. Onunla 3-cü qitə çempionluğunu əldə edən Almaniyanın ilk uğuru isə debütə təsadüf edib. İlk iki AÇ-yə qatılmayan, 3-cüdə seçmə mərhələni keçə bilməyən Bundestim 1972-ci ildə ilk dəfə final mərhələsində oynayıb. Həmin vaxt qızıl medala yiyələnən almaniyalılar finalda Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin də formasını geyindiyi SSRİ yığmasını məğlub edib – 3:0. Almaniyanın ikinci zəfəri isə 1980-ci ilə təsadüf edib.

 

Bu komandadan danışarkən yığma tarixinin 3 hissədən ibarət olduğunu da vurğulamaq lazımdı. İkinci dünya müharibəsinədək vahid Almaniya, sonradan AFR və ADR kimi iki komanda ilə yarışlara qatılıb və ötən əsrin 90-cı illərinin əvvəlində yenidən birləşmiş milliyə çevrilib. Elə ilk Avropa çempionluğu da AFR dönəminə təsadüf edib.

 

Baş məşqçilərə güvənməsi ilə diqqət çəkən 4 qat dünya çempionları son 90 ildə 10 çalışdırıcıya güvənib. Artıq 10 ildi bu postda olan Yoahim Löv də həmin ənənəni davam etdirir. Almaniyalıların AÇ-2016-dakı çıxışı Azərbaycan yığması və onun məşqçiləri üçün də maraq kəsb edir. Çünki qarşıdakı seçmə mərhələdə - DÇ-2018-ə aparan yolda Bundestim millimizin rəqibidi.

 

Almaniyalılar favoriti olduğu AÇ-2016-ya antirekordla yüksəlib. Seçmə mərhələdə qrup qalibi olsa da, 3 qat qitə çempionu tarixinin ən pis nəticəsini – 2 məğlubiyyəti təkrarlayıb. İndiyədək Bundestim tarixi ərzində yalnız bir dəfə AÇ-1984-ə gedən yolda 2 dəfə uduzmuşdu. 10 oyunda 8 xal itirən Lövün yetirmələri Polşa və İrlandiyanın güclü müqaviməti ilə üzləşdiyi qrupda hər iki rəqibinə səfərdə uduzdu. İlk 3 oyunda cəmi 4 xalın qazanılması isə Braziliyadakı dünya çempionatına təsadüf edən zəfərdən sonra arxayınlığın üzə çıxması ilə bağlı idi. Maraqlıdı ki, həmin Polşa yığması final mərhələsində də Almaniya ilə eyni qrupda çıxış edəcək.

 

Komandanın heyətinə gəlincə, Löv seçmə mərhələ boyu eksperimentlər aparıb. Bəzi veteranların yerinə yeni simaları sınayan mütəxəssis yığma karyerasını bitirən Löv və millidə əvvəlki motivasiya ilə çıxış etməyən Bastian Şvaynştaygerə də əvəzləyici tapa bilib. Hərçənd sonuncu hələ də rəsmən milli karyerasını bitirdiyini açıqlamayıb.

 

Təkcə oyunçuları deyil, taktiki sxemləri də sınaqdan keçirən Löv hətta üçmüdafiəçili oyun üslubunu da yoxlayıb. O, bunu qrupun autsayderi Cəbəllütariqlə matçda gerçəkləşdirib. Lakin ifaçılar dəyişsə də, Bundestim daha çox 4-2-3-1-ə üstünlük verib. Almaniya yığmasının “1 nömrə”sinin Manuel Noyer olduğuna şübhə yoxdu. Roman Vaydenfellerlə Andre Ter Şteqen isə  onun əvəzləyiciləridi.

 

Müdafiədə bir sıra müəmmaları olan almaniyalılar sağ cinah məsələsinə aydınlıq gətirməlidi. Universal oyunçu olan Əmrə Can, hazırda yaxşı formasından uzaq Sebastyan Rudi ilə müqayisədə sağ cinahda Antonio Rudiger daha şanslıdı. Lakin Matias Ginter də bu mövqedə oynamağa  namizəd sayılır. Lakin sonuncu Əmrə kimi meydanın mərkəzində də çıxış edə bilir. Lakin zədə səbəbindən onun Fransaya getməsi də sual altındadı.

 

Müdafiənin mərkəzi Cerom Boatenqlə Mattias Hummelsin nəzarətindədisə, Benedikt Hovedeslə Şkodran Mustafi onları əvəzləyəməyə hazır oyunçulardı. Solda isə Yonas Hektor baş məşqçinin etimadını tamamilə doğruldur.

 

Ginter, həmçinin Sami Hedira, Kristof Kramer kimi dayaq yarımmüdafiəçiləri də olan Bundestimdə bu mövqe Toni Kroos və İlkay Gündoğana həvalə olunur. Lakin sonuncu AÇ-2016-nı zədə üzündən buraxmalı olacaq. Məsut Özillə Mario Götze arasında seçim etməli olan baş məşqçi pleymeykeri müəyyənləşdirməlidi. Yarımmüdafiənin solunda Andre Şurrle, Marko Roys və Yulian Draksler kimi oyunçuları olan Löv digər cinahı Kərim Belarabiyə etibar edə bilər. Belə vəziyyətdə komandanın əsas ulduzu Tomas Müller hücumda mübarizə aparacaq. Amma sonuncu həm də yarımmüdafiənin istənilən nöqtəsində milliyə faydalı olmaq gücündədi.

 

Almaniya millisinin son yoxlama oyunları fərqli düşüncələr yaradır. Martın 29-da İtaliyanı 4:1 hesabı ilə məğlub edən Bundestimin bu matçı onların favorit olmasını təsdiqləyib. Lakin bundan 3 gün öncə İngiltərəyə evdəki 2:3 hesablı məğlubiyyət Lövü fikirləşməyə vadar edir. Yetirmələrinin ötən il noyabrın 13-də Fransaya 0:2 hesabı ilə uduzduğunu da nəzərə alsaq, çalışdırıcının işi asan deyil.

 

FİFA reytinqində: 5-ci yer

Ləqəbi: Bundestim

İlk oyun: İsveçrə – 3:5 (1908)

Ən böyükhesablı qələbə: Rusiya – 16:0 (1912)

Ən böyükhesablı məğlubiyyət: İngiltərə – 0:9 (1909)

Titulları: 4 qat dünya çempionu (1954, 1974, 1990, 2016), 3 qat Avropa çempionu (1972, 1980, 1996)

Ən çox oyun: Lotar Matteus (150)

Ən çox qol: Miroislav Kloze (71)

Final mərhələsinə yolu: D qrupunda I yer: 7 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi 24-9, 22 xal

Polşa - 3:1, 0:2*   

İrlandiya – 1:1, 0:1

Şotlandiya – 2:1, 3:2

Gürcüstan – 2:1, 2:0

Cəbəllütariq – 4:0, 7:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – iştirak etməyib

1964 – iştirak etməyib

1968 – final mərhələsinə yüksələ bilməyib

1972 – Çempion

1976 – II yer

1980 – Çempion

1984 – Qrup mərhələsi

1988 – III yer

1992 – II yer

1996 – Çempion

2000 – Qrup mərhələsi

2004 – Qrup mərhələsi

2008 – II yer

2012 – III yer

Baş məşqçi: Yoahim Löv

Kapitan: Bastian Şvaynştayger

AVRO-2016-da oyunları:

12 iyun. 23:00. Almaniya – Ukrayna

16 iyun. 23:00. Almaniya – Polşa

21 iyun. 20:00. Şimali İrlandiya – Almaniya

 

0