[b]AÇ-2016: Hücumçusuz debütant[/b]
04.05.2016 - 16:07
[b]AÇ-2016: Hücumçusuz debütant[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 37 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını B qrupunun üçüncüsü ilə davam etdirir. 

 

Püşkatmada 3-cü səbətdə yer alan Slovakiya tarixində ilk dəfə bu turnirdə oynamaq hüququ qazanıb. Düzdü, Çexoslovakiyanın tərkibində olduğu vaxt hətta 1976-cı ilin Avropa çempionluğu da əldə edilib.

 

Parçalanmadan sonra 5 dəfə seçmə mərhələni adlaya bilməyən “Repre” iştirakçıların sayının 24-ə qaldırılması sayəsində debüt etmək imkanı qazanıb. Slovakiyalılar pley-offsuz Fransaya vəsiqə qazanmağı uğurlu start sayəsində mümkün olub. Səfərdə Ukraynanı erkən qolla yenən qonaqlara hakim köməyi də dəyib. O, son dəqiqələrdə irəli atılan qapıçının qolunu hesaba almayıb.

 

Ümumiyyətlə, Slovakiya millisi seçmə mərhələdə səfərdə daha yaxşı oynayıb. Qazandığı xalların 11-ni rəqib, 10-nu öz meydanında əldə edən yığma İspaniya ilə ev oyununda da sensasiyalı qələbəyə sevinib. Belə startdan sonra Belarusa ev məğlubiyyəti də “Repre”nin 2-cilyinə mane olmayıb.

 

Millinin baş məşqçisi Yan Kozak 4-2-3-1 sxeminə üstünlük verir. Onun sərəncamında bu düzülüşə uyğun yüksək səviyyəli oyunçular da var. Düzdü, belələrinin sayı çox deyil. Hələ də hücumçu axtarışında olan mütəxəssis təcrübəli Robert Vittekə güvənmək məcburiyyətindədi.

 

Qapıçı Matus Kozaçikin rəqibi yoxdu. Müdafiənin sağında Peter Pekarik və əvəzləyiciləri Tomas Quboçanla Norbert Gember çıxış edə bilər. Lakin Quboçanın doğma mövqeyi digər cinahdı. Müdafiənin mərkəzində komandanın kapitanı Martin Şkrtel yer alır. Onunla yanaşı isə Yan Duritsa yer alır.

 

Legioner həyatı yaşamayan yeganə oyunçu Martin Peçıvski və Yuray Kuşkadan ibarət dayaq yarımmüdafiəçiləri cütlüyü çox güclü hesab olunur. Hücumameylli üç orta sahə oyunçusundan Robert Mak daha diqqət çəkən fiqurdu. O, təcrübəli Marek Hamşikdən də faydalı hesab edilir. Universallığı ilə seçilən Mak yarımmüdafiənin istənilən nöqtəsində, həm də hücumda çıxış etmək iqtidarındadı. Ön xətdəki problemi nəzərə alsaq, Robert Fransa-2016-da da hücumda yer alacaq. Çünki yarımmüdafiədə Miroslav Stokla Vladimir Vayss kimi futbolçular da var.

 

Hücumda Vittekin də geri qayıtmasına baxmayaraq, daha çox Adam Nemets şans qazanır. Lakin slovakiyalıların oyun üslubu istənilən görüşə hücumçusuz da çıxmağa imkan yaradır. Çünki etibarlılığı ilə öyünə bilən müdafiə səddinə böyük qüvvəni səfərbər edən “Repre” əks-hücumlarda oynamağa üstünlük verir.

 

Seçmə mərhələdən sonra 3 oyun keçirən slovakiyalılar bu qarşılaşmalarda məğlub olmayıb. Ötən ilin sonunda İslandiyanı 3:1 hesabı ilə yenən Kozakin yetirmələri 2016-cı ildə iki heç-heçəyə imza atıb. Onlar əvvəl İrlandiya ilə məhsuldar (2:2), ardınca Latviya ilə qolsuz “sülh”lə ayrılıb.

 

FİFA reytinqində: 32-ci yer

Ləqəbi: Repre, təmsilçilər

İlk oyun: Almaniya – 2:0 (1939)

Ən böyükhesablı qələbə: San-Marino – 7:0 (iki dəfə - 2007 və 2009), Lixtenşteyn – 7:0 (2004)

Ən böyükhesablı məğlubiyyət: Argentina – 0:6 (1995)

Titulları: yoxdu

Ən çox oyun: Miroslav Karhan (107)

Ən çox qol: Robert Vittek (23)

Final mərhələsinə yolu: C qrupunda II yer: 7 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi 17-8, 22 xal

İspaniya - 2:1, 0:2*        

Ukrayna – 0:0, 1:0

Belarus – 0:1, 3:1

Lüksemburq – 3:0, 4:2

Makedoniya – 2:1, 2:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – Çexoslovakiyanın tərkibində

1964 – Çexoslovakiyanın tərkibində

1968 – Çexoslovakiyanın tərkibində

1972 – Çexoslovakiyanın tərkibində

1976 – Çexoslovakiyanın tərkibində

1980 – Çexoslovakiyanın tərkibində

1984 – Çexoslovakiyanın tərkibində

1988 – Çexoslovakiyanın tərkibində

1992 – Çexoslovakiyanın tərkibində

1996 – final mərhələsinə yüksələ bilməyib

2000 – final mərhələsinə yüksələ bilməyib

2004 – final mərhələsinə yüksələ bilməyib

2008 – final mərhələsinə yüksələ bilməyib

2012 – final mərhələsinə yüksələ bilməyib

Baş məşqçi: Yan Kozak

Kapitan: Martin Şkrtel

AVRO-2016-da oyunları:

11 iyun. 20:00. Uels – Slovakiya

15 iyun. 17:00. Rusiya – Slovakiya

20 iyun. 23:00. Slovakiya – İngiltərə

 

 

 

0