4 İyul 13:08 İslandiya prezidenti: Ən böyük mükafat elə budu – MÜSAHİBƏ
AÇ-2016 xəbərləri 4 İyul 13:08
4306 baxış

İslandiya prezidenti: Ən böyük mükafat elə budu – MÜSAHİBƏ

İslandiyanın yeni prezidenti Qudni Yohannesson AÇ-2016-da təəccüb doğuran insanlardan biri olmağı bacarıb. Apasport.az saytının məlumatına görə, ölkəsinin 1/4 finalda Fransa ilə keçirdiyi matçı prezident lojasından izləməyən Yohannesson görüşü fanatlarla birlikdə tribunadan seyr edib.

 

Son 20 ildə İslandiyanın prezidenti olan Oulavyur Raqnar Qrimsson 6-cı dəfə də bu posta seçiləcəkdi. Lakin 73 yaşlı rəhbər bu il, yanvarın 1-də yorulduğunu bildirərək, vəzifəsindən ayrılıb. Nəticədə səslərin 70 faizini toplayan Yohannesson yeni prezident seçilib.

 

Fransa ilə matçın gedişində rusiyalı jurnalistin suallarını cavablandıran Yohannesson maraqlı fikirlər səsləndirib.

 

- Bu şəkil sizə tanışdı?

- Nəyə görə mənə öz şəklimi göstərirsən?

 

- Soruşmaq istəyirəm ki, İslandiyanın yeni prezidenti hansı sektorda əyləşib?

- Sənin üçün nə fərqi var ki? Heç mənim üçün də fərqi yoxdu. Gəl, futbola baxaq. Elə bildim, şəkildəki özünsən (gülür).

 

- İslandiya yığması arada məğlub olur. Amma qorxmağa dəyməz…

- Hesab artıq Fransanın xeyrinə - 5:2-di. Əslində isə hər şey möhtəşəm oldu. Biz böyük ölkəyik, amma həmişə yaxşı oynaya bilmədik.

 

- Səhv etmirəmsə, 2015-ci ildə Hollandiya ilə matça bilet ala bilməmisiz...

- Elədi. Ötən il Hollandiya ilə evdəki qarşılaşmaya baxmaq üçün onlayn bilet sifariş verdim. Ödənişi etmişdim. Yalnız düyməyə basmaq qalırdı. Ancaq bu zaman kompüterimin sistemi çökdü. Sonra baxdım ki, stadionda mənə yer verilməyib. Seçkilərdə qalib gəldiyim üçün yəqin ki, bundan sonra mənə tribunada mütləq yer veriləcək.

 

- Bundan sonra VİP sektordan İslandiya yığmasının oyunlarını izləyə biləcəksiz...
- VİP-də oturub, şampan içmək nəyimə lazımdı ki? Mən bunu dünyanın istənilən yerində edə bilərəm. Buna görə də, mənə lazım deyil. Fanatlarla birlikdə tribunada əyləşib, İslandiya yığmasının formasını geyinəcəm.

 

- Prezident seçildiyiniz halda, VİP sektorda deyil, fanatlarla birgə əyləşib, mahnı oxuyaraq, oyuna baxırsız. Bunu nə üçün edirsiz?

- Nə üçün? Mən bunun fanatıyam. Prezident seçilməyim özümü emosiyalarımdan azad etmək üçün bəhanə olmamalıdı.

 

- İslandiya millisinin Avropa çempionatında 1/4 finala qədər irəliləməsi sizi təəccübləndirdi?

- Xeyr. Əmin idim ki, hər şey bizim üçün yaxşı nəticələnəcək. Mən öz oyunçularımızın gücünü və ruhunu bilirəm. İslandiya yığması ürəyi ilə oynayır, heç kimdən qorxmur, amma hər bir rəqibinə hörmətlə yanaşır.

 

- Son illər ölkənizdə futbol inkişafdadı...

- Əlbəttə. Biz futbolun inkişafını davam etdirəcəyik. Avropa çempionatının 1/4 finalında “Stad de Frans”da Fransa yığması ilə oynamaq möhtəşəmdi. Ancaq biz hələ ilk addımı atdıq və bundan sonra oyunumuzu bir qədər də yaxşılaşdırmağa çalışacağıq.
 

- Futbolçuları necə mükafatlandırmağı düşünürsüz?

- Ən yaxşısını onlar özləri etdilər. Tarixi nəticəyə imza atdılar və bu, hamı tərəfindən qiymətləndirilir. Özlərini islandlara sevdirə bildilər və mənə elə gəlir ki, ən böyük mükafat elə budu.

- Qardaşınız həndbol üzrə Avstraliya yığmasının məşqçisidi. Bəs siz idmanın hansısa növləri ilə maraqlanırsız?

- Həndbol və futbolla. Uşaqlıqdan “Mançester Yunayted”ə azarkeşlik edirəm. Şadam ki, bu klubun baş məşqçi postuna Joze Mourinyo keçdi. Bundan sonra çox güclü olacağıq və son illərdəki eniş daha müşahidə edilməyəcək. Yeni transfer Zlatan İbrahimoviç isə sadəcə, superdi. O, ildən-ilə daha güclü futbolçu olur.

 

 

Xəbər lenti