[b]2 ildən sonra podiuma qayıdan Valentin Xristov Avropa çempionu oldu[/b]
13.04.2015 - 09:06
[b]2 ildən sonra podiuma qayıdan Valentin Xristov Avropa çempionu oldu[/b]

Gürcüstanın paytaxtı Tiflisdə ağır atletika üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda ilk qızıl medalını qazanıb.

 

Belə ki, komandamıza uğuru Valentin Xristov qazandırıb. 2 illik diskvalifikasiyadan sonra podiuma qayıdan London Olimpiadasının bürünc medalçısı bütün rəqiblərini qabaqlayıb.

 

Atletimiz birdən qaldırmada öncə 133 kq, ardınca 135 kq çəkini başı üzərinə qaldırıb. O, üçüncü cəhdində 142 kq çəkini sifariş etsə də, öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Valentin birdən qaldırmada kiçik qızılı aktivinə yazıb.

 

Təkanla qaldırmada da Xristov rəqiblərinə güzəştə getməyib. Təmsilçimiz ilk cəhdindəcə 160 kq çəkinin öhdəsindən gələrək, növbəti kiçik qızıl medalını qazanıb.

 

Beləliklə, yekunda 295 kq (135 kq + 160 kq) nəticə göstərən Valentin Avropa çempionu tituluna da yiyələnib. O, gümüş medalçı Dimitris Minasidis (Kipr) atletimizdən 12 kq geri qalıb – 283 kq (127 kq + 156 kq).

 

Xristovdan fərqli, Elmar Alıyev ümidləri doğrultmayıb. 56 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz birdən qaldırma hərəkətində ilk olaraq 107 kq-ın öhdəsindən gəlib. Təəssüf ki, 111 kq üçün sonrakı iki cəhdi uğursuz olub və o, bu hərəkətdə 9-cu yeri tutub.


Atletimiz təkanla qaldırma hərəkətində də eyni ssenari ilə çıxış edib. Elmar ilk yanaşmasında 137 kq-ı ram edib. Sonrakı cəhdlərində isə əvvəlcə 142 kq, sonra isə 143 kq-lıq ştanqın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Alıyev bu hərəkətdə Avropanın 4-cü olmağı bacarıb.
 

Toplamda 244 kq (107+137) nəticə göstərən Elmar yekun sıralamada 10 idmançı arasında 7-ci yeri tutub.

 

Qeyd edək ki, yarışa 38 ölkədən 268 ağır atlet (112 qadın və 156 kişi) qatılıb. Qarşıdakı günlərdə Azərbaycan yığmasının daha 6 üzvü podiuma çıxacaq.

0