Azərbaycan yığmasına daha bir ağır zərbə!
13.08.2014 - 18:00
Azərbaycan yığmasına daha bir ağır zərbə!

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) verdiyi cəzanın müddətini artıra bilər. Bu barədə apasport.az saytına ağırlıqqaldırma üzrə milli komandamızın sabiq baş məşqçisi Vahid Nəzərov məlumat verib.

 

O bildirib ki, Azərbaycan yığmasının 18 üzvünün diskvalifikasiya olunması və AAAF-ın 500 min dollar cəriməni ödəməməyi ölkədə bu idman növünü çətin duruma salıb. Nəzərovun sözlərinə görə, federasiya pul cəzasını vaxtında ödəməsə, 2 illik diskvalifikasiya 4 ilədək artırılacaq: “Artıq IWF pul cəzasını ödəmək üçün konkret vaxt qoyub. Həmin möhlət avqustun 31-də başa çatacaq. Həmin tarixədək 500 min dollar beynəlxalq federasiyanın hesabına keçməsə, cəzalar ikiqat artacaq”.

 

IWF-in cəzası artıq Azərbaycan millisinə öz ziyanını vurub. Çünki bu cəzadan sonra Avropa çempionatından kənarlaşdırılan komandamız yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya yarışlarına da buraxılmayıb.

 

Bu qadağanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalı verəcək dünya çempionatından da yan keçməyəcəyini vurğulayan Nəzərovun sözlərinə görə, noyabrda Qazaxıstanın Almatı şəhərində baş tutacaq mundialda komandamız iştirak etməyəcək: “Bu, Bolqarıstanlı baş məşqçi Zlatan Vanevin “əməyi”nin sayəsidir. Artıq uşaqların hərəsi bir tərəfə dağılışıb. Faktiki, milli komanda mövcud deyil. Həm də beynəlxalq federasiyanın cəriməsi ödənmədiyindən dünya çempionatında iştirak hüququmuz yoxdur. Ancaq qarşıdakı günlərdə bu problemin həlli də istisna deyil. Çünki federasiyanın hələ vaxtı var”.

 

Qeyd edək ki, Azərbaycan millisi cəzalandıqdan sonra AAAF-da hələ rəsmi münasibət bildirilməyib.  

0