[b]Azərbaycan yığmasından imtina edən atlet dünya çempionu oldu[/b]
25.11.2015 - 09:50
[b]Azərbaycan yığmasından imtina edən atlet dünya çempionu oldu[/b]

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışların üçüncü günü körpücük üzərinə daha 2 atletimiz çıxıb.

 

77 kq çəki dərəcəsində mübarizə aparan Əfqan Bayramov və Elxan Əliquluzadə medal sayımızı artırmağa çalışsalar da, bunu bacarmayıblar.

 

C qrupunda yer alan Bayramov yekunda 324 kq nəticə göstərib. Birdən qaldırmada 140, təkanla qaldırmada 184 kq-lıq ağırlığın öhdəsindən gələn atlet öz qrupunda 29-cu yeri tutub.

 

Əliquluzadə isə komanda yoldaşı ilə müqayisədə daha yuxarı pillədə qərarlaşıb. O, birdən qaldırma hərəkətində son yanaşmada 154 kq-ı ram edib və 7-ci olub. Ancaq təkanla qaldırma hərəkətində bütün rəqiblərini üstələyən 20 yaşlı atlet 203 kq-ı başı üzərinə qaldıraraq, 1-ci yeri tutub. Toplamda 357 kq (154 kq + 203 kq) nəticə göstərən Əliquluzadə 6-cı pillədə yer alıb. O, 203 kq çəkini başı üzərinə qaldırmaqla gənclər arasında dünya rekordunu da yeniləyib. Bu yarışadək rekordun sahibi türk Taner Sağırın Afina Olimpiadasında müəyyənləşdirdiyi rekord 1 kq artırıb.

 

77 kq çəki dərəcəsinin qalibi isə həmyerlimiz Nicat Rəhimov olub. Amma o, bu qızılı ölkəmiz üçün deyil, Qazaxıstan üçün qazanıb. Ötən il Azərbaycan yığmasından imtina edən 22 yaşlı idmançı birdən qaldırmada 165 kq, təkanla qaldırmada 207 kq çəkini ram edib.

 

Maraqlıdı ki, KXDR atleti Sonq Kim Kvanq da Rəhimov kimi toplamda 372 kq çəkinin öhdəsindən gəlib. Lakin birdən qaldırmada 171 kq, təkanla qaldırmada isə 201 kq nəticə göstərən asiyalı şəxsi çəkisinin həmyerlimizdən 1,12 kq ağır olması səbəbindən ilk pilləni ələ keçirə bilməyib.

 

Qeyd edək ki, Azərbaycan millisinin heyətində hələlik 2 medal var. Boyanka Kostovanın (58 kq) çempion olduğu yarışda Valentin Xristov (62 kq) bürünc medal qazanıb. Qarşıdakı günlərdə isə daha 5 idmançımız mübarizəyə qoşulacaq. 

0