Bakı-2015: Atletika yarışlarında Azərbaycan favoritlərdən olacaq
11.02.2015 - 10:05
Bakı-2015: Atletika yarışlarında Azərbaycan favoritlərdən olacaq

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarında atletika yarışlarının bəzi detallarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, iyunun 21-22-də təşkil olunacaq bu növ üzrə mübarizədə qitənin üçüncü liqasında qüvvəsini sınayan yığmalar mükafatçıları müəyyənləşdirəcəklər.

 

Belə ki, cəmi 1 dəst medal uğrunda yarışda millilər komanda şəklində güclünün adına aydınlıq gətirəcəklər.

 

Artıq Bakı-2015-ə qatılacaq yığmaların da böyük əksəriyyəti dəqiqləşib. Hələ rəsmi açıqlanmasa da, Azərbaycanın ev sahibi kimi mübarizə aparacağı atletika yarışlarında Albaniya, Andorra, Ermənistan, Avstriya, Bosniya və Herseqovina, Gürcüstan, İsrail, Lixtenşteyn, Lüksemburq, Makedoniya, Malta, Moldova, Monako, Monteneqro, San-Marino və Slovakiya millilərinin iştirak edəcək.

 

Avropa Oyunlarında bu növdə 20 komandanın iştirakı nəzərdə tutulub ki, digər 3 ölkə də bugünlərdə müəyyənləşəcək. Bundan sonra isə iştirakçıların hamısının adı rəsmən açıqlanacaq.

 

Qeyd edək ki, ötən il təşkil olunan III liqada Azərbaycan millisi 5-ci yeri tutub. İlk 2 pillədə qərarlaşan Kipr və İslandiya isə yuxarı liqaya yüksəldiyindən komandamızı favoritlərdən saymaq olar. 

0