16 Dekabr 12:19 Dopinqdə “ilişən” atlet “apasport”a danışdı: ...Bolqarıstana qayıdacam
ATLETİKA xəbərləri 16 Dekabr 12:19
5721 baxış

Dopinqdə “ilişən” atlet “apasport”a danışdı: ...Bolqarıstana qayıdacam

“Dopinqdə ilişməyimlə bağlı məlumatı mənə yığmanın baş məşqçisi Miroslav Çoroş verdi. Təbii ki, bunu gözləmirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının ağırlıqqaldıranı Silviya Angelova deyib.

 

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinq testdə “ilişən” 4 idmançı siyahısında Angelovanın da adı var. Apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilən legionerin orqanizmində yenidən istifadəsi qadağan olunan dərman preparatı aşkar olunub.

 

Bolqarıstan əsilli, 33 yaşlı atletin A testi müsbət nəticələndiyindən B testindən keçmək məcburiyyətindədi. Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər.

 

Lakin idmançının özü B testinin mənfi nəticələnəcəyinə ümid bəsləyir. O bildirib ki, hələlik Azərbaycan Ağırlıqqaldırma Federasiyasından heç kimlə rəsmi söhbət olmayıb: “Artıq ikinci dəfədi bu halla üzləşirəm. B testi də müsbət nəticələnsə, ömürlük diskvalifikasiya oluna bilərəm. Hələlik B testi üçün analizi verməyə nə vaxt çağırılacağımı mənə deməyiblər. Əgər cavab mənim üçün yaxşı nəticələnməsə, Azərbaycanla vidalaşıb, Bolqarıstana qayıdacam. Allah eləsin, B testinin cavabı mənfi çıxsın. Gələcək karyeram məhz bu cavabdan asılıdı”.

 

Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova 39 idmançı arasında 34-cü olmuşdu və Olimpiya lisenziyası üçün komandamızın aktivinə xal yazdıra bilməmişdi.

 

 

Xəbər lenti