[b]Ramil Quliyev: Heç kim səhv qərar verdiyimi demədi - MÜSAHİBƏ[/b]
05.02.2018 - 15:48
[b]Ramil Quliyev: Heç kim səhv qərar verdiyimi demədi - MÜSAHİBƏ[/b]

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Belarus mətbuatına geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən il 200 m məsafəyə qaçışda dünya çempionu tituluna yiyələnən həmyerlimiz karyerasını vərəqləyib və gələcək planlarından bəhs edib.

 

- Bu yaxınlarda Minskdə sizin iştirakınızda master-klass təşkil edildi. Bu ideya necə yarandı?

- Belarusun Yüngül Atletika Federasiyası bizi dəvət etdi və razılaşdıq. Pis alınmadı. Yaxşı ki, master-klass canlı ünsiyyət formatında keçdi. Fikrimcə, hamı razı qaldı. Təcrübəmizi master-klassın iştirakçıları ilə bölüşmək istəyirdik. Seminar 2 gün davam etdi.

 

- Fikirlərinizi sizi dinləyənlərə çatdıra bildinizmi?

- Dinləmək istəyən dinlədi. Atletika elə bir idman növüdü ki, onunla yalnız atletika fanatları məşğul olurlar.

 

- Əvvəllər də master-klass keçmişdizmi?

- Əlbəttə. Türkiyədə də bizi tez-tez master-klassa dəvət edirlər. Bir neçə dəfə Rusiyaya da çağırıblar.

 

- Atletikaya marağınız necə yarandı?

- Atam və anam üçün də bu idman növü yad deyil. Yəni idmançı ailəsində böyümüşəm. Tez-tez yarışlara baxırdıq. İdman həyatımızın bir hissəsi idi və mən də onunla məşğul olmağa qərar vermişdim. Gördüyünüz kimi, hər şey uğurlu alınıb. Uşaq olanda əvvəlcə başqa idman növü ilə məşğul olurdum. Amma atletikaya keçən kimi anladım ki, mənimki budu. Atletikaya keçdiyim gündən 1 gün sonra məni yarışa buraxdılar. Mənim yaş qrupumda şəhər çempionatına qatıldım və qalib gəldim. Başa düşdüm ki, yola davam etmək lazımdı. Məşqlər etdim və beynəlxalq yarışlara hazırlaşdım. 16 yaşımda isə ilk belə turnirə qatıldım və yenə birinci oldum.

 

- Uğur qazanan idmançılar adətən uşaqlıq illərindən əziyyət çəkənlər olur. Elə deyilmi?

- İnsan özü qərar verir. Əgər bir şeylə məşğul olmağa həvəsi yoxdusa, həmin adamı məcbur etməyəcəksən. Marağı olan isə bütün gücünü sərf edir. İl ərzində 7-8 ay toplanışlarda oluram. Qalan vaxtlarda isə yarışlarda iştirak edirəm. 14 yaşımdan atletika ilə məşğul olmağa başlamışam və elə həmin vaxtdan mənim üçün uşaqlıq bitib.

 

- Azərbaycanda atletika ilə məşğul olmaq üçün şərait necə idi?

- Əgər yaxşı olsaydı, Türkiyəyə getməzdim (gülür). Şərtlər çox pis idi. Məşq etdiyimiz manejdə istilik sistemi yox idi. İkincisi, dam su buraxırdı, buna görə də, gölməçələrin içi ilə qaçmalı olurduq. Sonra oranı təmirə bağladılar və bu proses 3 il davam etdi. Bu müddətdə küləkdə, yağışda və qarda yalnız stadionda məşq edirdik.

 

- Həmin vaxt idmanı atıb, özünüzə başqa məşğuliyyət tapmaq haqda düşünürdüzmü?

- Yeniyetmə və gənclik illərində hər şey asan olur. Həyat qaynayır. Buna görə də, ətrafımızda baş verən bəzi şeylərə fikir vermirdik. İnkişaf üçün perspektivin olmadığını başa düşəndə Türkiyəyə getməyə qərar verdim. Həmin vaxt 19 yaşım var idi.

 

- Niyə Azərbaycanda atletikanın inkişafı üçün perspektiv yox idi?

- Düşünürəm ki, bu sualı Azərbaycan Atletika Federasiyasının prezidentinə vermək lazımdı. Məşq etməyə yer tapmadığım üçün vətəndaşlığımı dəyişməyə qərar verdim. İkincisi, orda toplanışlara getmək mümkün deyildi.

 

- Qərarı tez qəbul etdiniz?

- Belə qərarlar asan qəbul olunmur. Doğma evindən getmək çətin idi. Üstəlik, məni Türkiyədə nələrin gözlədiyini bilmirdim. Orda dostum, tanışım yox idi. Kiminlə işləyəcəyimi, mənə necə yanaşacaqlarını bilmirdim. Bu mənada, ehtiyat edirdim. Amma bizi çox yaxşı qarşıladılar və böyük problemlərlə üzləşmədik.

 

- Nəyə görə məhz Türkiyə variantının üzərində dayandınız?

- Birincisi, mentalitet yaxınlığı qərarımda rol oynadı. İkincisi, uzaq ölkəyə getmək istəmirdim. Türkiyədə tam fərqli münasibət gördüm. İdmanla məşğul olursansa və istedadın varsa, onu inkişaf etdirib, uğur qazanmağın üçün hər şeyi edirlər. Bu təkcə idman sahəsinə aid deyil. Müğənnilik, rəssamlıqda da belədi. Əgər istedadın varsa, sənə diqqət ayırırlar.

 

- Türkiyəyə köçmək qərarınızı dostlarınız, komanda yoldaşlarınız necə qarşıladılar?

- Hamı dəstək oldu. Bir nəfər də səhv qərar verdiyimi, düzgün addım atmadığımı demədi.

 

- Sizi satqın adlandırmadılar?

- Federasiyada belə deyənlər oldu (gülür). Amma mən özümdə hər şeyi artıq başa düşmüşdüm.

 

- Ötən il 200 m məsafəyə qaçışda dünya çempionluğuna imza atdınız və 1991-ci ildən bəri bunu əldə edən ilk Avropa təmsilçisi oldunuz...

- Təbii ki, bu cür nəticəyə imza atmaq hər idmançı üçün uğurdu. Allahın köməkliyi ilə qarşıda yeni uğurlarım və medallarım olacaq. Hesab edirəm ki, idmanda bəlli bir səviyyəyə qalxmışam. Üzərimdə çalışmağa davam edəcəm.

 

- Sizi ünsiyyətcil insan adlandırmaq olarmı?

- Əlbəttə. Atletika ilə məşğul olan tanışların çoxdu. Rusiya, Türkiyə, eləcə də digər ölkələrdə belə tanışlarım var.

 

- Useyn Boltla müqayisə olunmağınıza və sizi “Ağ Bolt” aldandırmaqlarına necə yanaşırdız?

- Bəlkə də, kimlərlə müqayisə edirdilər. İstənilən halda, qarşıya bir tapşırıq qoymuşam: ən sürətli qaçmaq. Kimin nə dediyinə isə fikir vermirəm. Boltla ünsiyyətimiz olub. O, yaxşı və pozitiv insandı.

 

- Son illər dünya idmanında dopinq məsələsi çox müzakirə olunur. Bu səbəbdən bir neçə rusiyalı atlet beynəlxalq yarışlardan kənarlaşdırıldı. Bu məsələyə münasibətiniz necədi?

- Biz idmanla məşğul oluruq. Buna görə də, dediyiniz məsələ ilə bağlı nəsə demək düz olmaz.

 

- Başqa hansı idman növlərini izləyirsiz?

- Vaxtımızın çoxu hazırlığa, təhlillərə gedir. Artıq elə bir səviyyəyə çatmışam ki, təkcə yaxşı nəticə göstərmək yox, həm də onu qoruyub saxlamaq lazımdı. Bu səviyyədən aşağı düşmək olmaz. Mənə daha çox qış idman növləri xoş gəlir. Biatlonu bəyənirəm. Avropa çempionatı gedəndə onu izləməyə çalışırdım.

 

 

0