18:58 01-08-2018
news_image
3432
FUTBOL

“Qarabağ” “Kukesi”yə qarşı - YENİLƏNİR

“Qarabağ” bu gün növbəti Avrokubok oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq.

 

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Albaniya “Kukesi”si ilə üz-üzə gələcək. Ötən həftə səfərdə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə qalib gəlməyə çalışacaq.

 

III təsnifat mərhələsinə yüksəlmək üçün mütləq qalib gəlməli olan “Qarabağ” ardıcıl 5-ci dəfə ikinci raundu adlamaq əzmindədi. Cari mövsümdə qapısından top buraxmayan Ağdam klubu bu vəzifənin öhdəsindən gəlmək üçün həm seriyasını davam etdirmək, həm də rəqib qapısına yol tapmaq barədə düşünəcək.

 

İndiyədək Azərbaycan təmsilçiləri Albaniya klublarına qalib gələ bilməyib. Bu üzdən də “Qarabağ”ın qazanacağı qələbə ilklə əlamətdar olacaq. İki ölkə təmsilçilərinin əvvəlki 5 duelinin hamısı heç-heçə başa çatıbsa, onlardan birinin əlavə vaxtında albaniyalılar qələbə qolunu vurub. Ağdam təmsilçisi sabahkı görüşdə Albaniya sindromunu qırmaq üçün mübarizə aparacaq.

 

Son 5 avrokubok matçında cəmi 1 qola sevinən Qurbanovun yetirmələri ön xətdəki problemləri “Kukesi” ilə qarşılaşmada unutdurmalıdı. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün təmsilçimiz bu il Çempionlar Liqasındakı bütün qarşılaşmalarda heç-heçəyə imza atan rəqibin müdafiə səddini yarmalıdı.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə sevinən tərəf III təsnifat mərhələsində BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakıdakı görüşdə məyus olan komanda isə Avropa Liqasına yollanacaq. Həmin komandanın rəqibi “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.

 

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

1 avqust

 

21:00. “Qarabağ” – “Kukesi” (Albaniya)

Baş hakim: Peter Kralovic

Tofiq Bəhramov adına Respublika stadionu