19:58 28-09-2019
news_image

Teymur Rəcəbovun finaldakı rəqibi dəqiqləşdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib. 

APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gələcək. 

Asiyalı yarımfinalda həmyerlisi Yu Yanq Lidən üstün olub. Onlar klassik şahmatda hər iki görüşdə heç-heçə oynadığından qalib sürətli şahmatda müəyyənləşib. Burada 1,5:0,5 hesabı ilə qələbə qazanan D. Liren finala yüksəlib. 

2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ qazanan T. Rəcəbovla D. Liren arasındakı ilk görüş sentyabrın 30-da olacaq. Üçüncü yer uğrunda oyunda isə fransalı Maksim Vaşye-Laqravla Yu Yanq Li üz-üzə gələcək.

Qeyd edək ki, D. Liren ikinci dəfə finalda oynayacaq. O, 2017-ci ildə Levon Aronyana (Ermənistan) uduzub.