09:45 05-11-2019
news_image
58
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastlarından 4 qızıl medal - “Happy Cup”da

Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, yarışda ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil ediblər.

Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cu il təvəllüdlü gimnastların yarışında çıxış edən G. İbrahimova göstərib. O, həm çoxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan M. Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.

Növbəti qızıl medalların sahibi K. Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə çoxnövçülükdə 12-ci olub.

Gənclər yaş qrupunda çoxnövçülükdə mübarizə aparan A. Gözəlova 6-cı, K. Əliyeva isə 8-ci yerdə qərarlaşıb.

Böyüklər arasında yarışan G. Əkbərova isə çoxnövçülük yarışlarında 6-cı olub.