12:20 18-11-2019
news_image
323
TOP OYUNLARI

“Vinnitsa”nın baş məşqçisi yenidən Bakı klubunda - EKSKLÜZİV

Qadın voleybolçulardan ibarət “Lokomotiv” klubunun baş məşqçisinin adı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın “sükanı arxasına” “Telekom”un sabiq çalışdırıcısı Vasif Talıbov gətirilib. 

O, bu postda İndoneziyanın “Cakarta” klubuna gedən Ziya Rəcəbovu əvəzləyib. Bakı klubu V. Talıbovla 1 mövsümlük müqavilə imzalayıb. 

2013-cü ildə “Telekom”a baş məşqçi gələn millinin sabiq voleybolçusu ardınca “Rabitə”də (2014-2015) və yenidən “Telekom”da (2015-2017) köməkçi məşqçi işləyib. Təcrübəli mütəxəssis Azərbaycan Super Liqasında qızıl və gümüş mükafatlara yiyələnib. 

O, 2017-ci ildə “Telekom” fəaliyyətini dayandırdıqdan sonra Ukraynaya yollanıb və burada kişilərdən ibarət “Vinnitsa”nı çalışdırıb. Komanda onun rəhbərliyi altında son iki mövsümdə müvafiq olaraq, 4-cü və 3-cü yerləri tutub. 

Qeyd edək ki, "Lokomotiv"in Super Liqadakı rəqiblərindən “Azərreyl”də baş məşqçi funksiyasını Famil Ağayev yerinə yetirəcəksə, “Abşeron” da yenidən Eldar Yusubova həvalə olunub.