13:35 26-11-2019
news_image
2221
FUTBOL

Vaqif Cavadov: “Futbolu məndən yaxşı bilən 1-2 nəfər ola bilər” - MÜSAHİBƏ

O, Cavadovlar nəslinin Azərbaycan futbolunda hələ ki, son nümayəndəsidir. Moskva MOİK-inin yetirməsi ilk peşəkar addımını "Qarabağ"da atdı. Ağdam klubunun yeni-yeni yüksəlişə keçdiyi dövrdə komandanın aparıcı simalarından idi. Ardından Hollandiya, Rusiya və Türkiyədə qısamüddətli legioner həyatı da yaşadı. Lakin karyerasında 2014-cü ildən başlayan eniş onu tez-tez klub dəyişməyə vadar etdi. Son komandası olan "Keşlə"dən ötən ilin dekabrında ayrıldı və həmin vaxtdan klubsuzdur.

Apasport.az saytının "Ofsayd" rubrikasının növbəti qonağı Hollandiya çempionu, Azərbaycan Kubokunun qalibi olmuş Vaqif Cavadovdur. 30 yaşlı hücumçu bir ilə yaxındır futboldan kənar qalsa da, karyerasını bitirməyə tələsmir.

"Azərbaycanda futbolçularla prinsip aparırlar"
- Aylardır futboldan uzaqsınız. Nə işlə məşğulsunuz?
- Son dönəmlər boş vaxtım çox olur. Ailəmlə birlikdə zaman keçirirəm, ev işləri ilə məşğul oluram, dostlarımla görüşürəm. Həmçinin tez-tez balıq tutmağa gedirəm.

- Fərdi məşqlər edirsinizmi?
- Bəli, fərdi məşqlərimi edirəm. Təbii ki, uzun müddət futbol oynamırsansa, formadan düşməyin normaldır. Desəm ki, ideal formadayam, yalan olar. Amma artıq çəkim yoxdur, fiziki cəhətdən də hər şey qaydasındadır.

- Ötən il "Keşlə"dən ayrıldıqdan bəri klubsuzsunuz. Vaqif Cavadov heç kimə lazım olmayacaq qədər zəif futbolçudur?
- Siz də bilirsiniz ki, burda söhbət heç də Vaqiflə futbol arasında deyil. "Keşlə"yə qayıdanda da necə futbolçu olduğumu sübut elədim. Təkcə mən yox, Kamran Ağayev, Vüqar Nadirov da diqqətdən kənarda qalıb. Xüsusən də, Kamranın olmamasını qeyd etmək istəyirəm. Qapıçı üçün 32-33 yaş o qədər də çox sayılmamalıdır. Xarakter məsələsinə görə, futbolçu ilə kimlərinsə yola getməməyi Azərbaycan futboluna zərərdir. Eyni sözlər mənə də aiddir. Düzdür, Emil Balayev indi karyerasının uğurlu dönəmini keçirir, yaxşı da qapıçıdır. Amma hamı Kamranın bacarığına bələddir. Eləcə də, mənim və Vüqarın. Hər bir futbolçu ehtiyatda oturanda zəif nöqtəsi yaranır. Bəzən hansısa hərəkəti düz eləməyəndə baş məşqçinin təzyiqi ilə üzləşirsən. Halbuki səndən də böyük səhvlər edənə heç nə deyilmir. Bu da futbolçuya psixoloji cəhətdən təsir edir. Bu cür problemlər son dövrlərdə artıb. Mahir Şükürovu, Elnur Allahverdiyevi yada salın. Onlar niyə karyeralarını tez bitirdilər? Çünki sözün düzünü deyirdilər. Təbii ki, belə oyunçu ilə işləmək çətindir. Amma hər bir məşqçi, rəhbər başa düşməlidir ki, əsl futbolçu ilə işləmək istəyən hər şeyə dözməlidir. Böyük məşqçi böyük futbolçularla iş görməyi bacarandır. Futbolçuların xasiyyətləri, davranışları fərqlidir. Əgər o sənə lazımdırsa, imtina etməməlisən, itirməmək üçün bir qədər fərqli davranmalısan. Təəssüf ki, Azərbaycanda nəyəsə görə futbolçularla prinsip aparırlar. Nəticədə də həmin oyunçular kənarda qalırlar. Mən səbəbi bunda görürəm. Əgər ən zəif vəziyyətdə olan çempionatda Kamran, Vaqif, Vüqar kimilərinə yer yoxdursa, deməli, biz futbol oynamamışıq, indikilər beşqat güclüdürlər.

"Onlar Torresin, Foqtsun dönəmində "50-liy"ə də düşməzdilər"
- Düzdür, Premyer Liqada komanda sayı azdır. Ancaq bu klublarda da yüksək liqa səviyyəsindən qat-qat aşağı olan kifayət qədər əcnəbi futbolçu var. Bəlkə kənarda qalmağınızın əsl səbəbini və səbəbkarlarını deyəsiniz?

- İndiki futbolçuların çoxu 4-5 il əvvəl nəinki əsas komandada "18-liy"ə düşməzdilər, heç əvəzedici heyətlərə də buraxılmazdılar. Amma indi görürəm, onların arasında milli komandaya çağırılanlar da var. Bu da çempionatın səviyyəsinin aşağı olmasından irəli gəlir. Əminəm ki, onlar Torresin, Foqtsun dönəmində heç "50-liy"ə də düşməzdilər. Məni düzgün başa düşsünlər, amma indi Mahir Şükürov, Kamran Ağayev kimi səviyyəli futbolçu yoxdur. Hamısı ilə yaxşı münasibətim var, elə çıxmasın ki, futbol oynamadığım üçün onları "baltalayıram". Mən də başa düşürəm ki, cavanlara yol açmaq lazımdır. 26-27 yaşlı futbolçuya cavan deyiriksə, onda futboldan anlayışımız yoxdur. Karyeramı bitirmək istəsəydim, bunu çoxdan edərdim. Kim nə edirsə, özünə edir. Gec-tez haqq-ədalət öz yerini tapacaq, haqsızlığı edənlər özləri o duruma düşəcəklər. Onları Allaha tapşırıram, düzgünlük qalib gələcək.

- Qeyd etdiyiniz kimi, Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov və daha bir neçə futbolçu kənarda qalıb. Həqiqətən də, sizdən güclüləri yetişib, yoxsa hansısa qruplaşmaların qurbanına çevrilmisiniz və ya futbol idarəçilərinin "qara siyahısı"na düşmüsünüz?
- Hər şey göz önündədir. Mən də belə düşünürəm ki, kimlərinsə "qara siyahı"sına düşmüşük. Heç kimdən qorxum yoxdur. Sadəcə, kimlərin mənimlə prinsip apardığını dəqiq bilmirəm. Ad çəksəm, deyər ki, sübut elə. Mən futbolçu ailəsində böyümüşəm. Futbolu məndən yaxşı bilən 1-2 nəfər ola bilər. Karyeramı bitirsəm, idarəçiliklə bağlı suala dolğun cavab verə bilərəm.

"Tvente"də olanda 4 illik müqaviləmi pozub gəlmişdim"
- Sonuncu dəfə 2013-14 mövsümündə "İnter"də (indiki "Keşlə") olarkən yüksək səviyyədə oyun göstərmisiniz. İldə bir klub dəyişib, heç birində möhkəmlənə bilmədiyinizi nəzərə alsaq, heç özünüzü günahlandırmırsınız?

- Nəzərə alaq ki, həmin vaxt "İnter"ə gedəndə 4 ay idi futbol oynamırdım. "Qarabağ"dan ora keçəndə komandanı gürcüstanlı Kaxaber Sxadadze çalışdırırdı. Ancaq yanlış məlumata görə, "İnter"i tərk etməli oldum. Bu da baş məşqçinin məni düzgün başa düşməməsindən qaynaqlandı. Kaxa elə bilirdi ki, mən klubdan böyük məbləğ istəyirəm. Halbuki belə bir söhbət olmamışdı. Ona verilən bu yanlış məlumatı heç araşdırmadı. Kaxaya lazım olmadığım üçün də bunu bəhanə elədi. Bunu açıq-aşkar üzümə deyə bilməzdi. Çünki komandanın kapitanı idim və həmin mövsüm 14 qol vurmuşdum. Necə deyə bilər ki, səni istəmirəm? O ki qaldı tez-tez komanda dəyişməyimə, əgər haqsızlıq görürəmsə, orada qala bilmərəm. Heç kimi vadar eləməsələr, özbaşına klub dəyişməz. Uzun müddət "Qarabağ"ın şərəfini qorumuşam. Həmin vaxt "Bakı", "Xəzər Lənkəran", "Neftçi"dən maddi cəhətdən yüksək təkliflər aldım, amma getmədim. Heç kim deyə bilməz ki, hansısa kluba pula görə keçmişəm. "Tvente"də olanda 4 illik müqaviləmi pozub gəlmişdim. Hollandiyada qalıb, oynamaya-oynamaya pulumu ala bilərdim. Amma futbol oynamaq istədiyim üçün qayıtdım. Bəzi məşqçilərdə ikiüzlülük, haqsızlıq görmüşəm. Buna görə, getdiyim komandalarda çox qalmamışam.

"Bizdə 27 yaşlı oyunçuya "gənc" deyib, milliyə çağırırlar"
- Belə bir fikir var: yaxşı futbolçu kənarda qalmaz. Tutaq ki, yerli klublara lazım deyilsiniz. Ölkə xaricində oynamağınıza nə mane olur?

- Bu yaşdan sonra ölkə xaricindən təklif alanda gərək hər şeyi götür-qoy edim. Çünki ailəm, iki övladım var. Ölkə xaricindən maddi cəhətdən elə də yaxşı təklif almamışam. Tək olsaydım, heç maliyyəni fikirləşməzdim. Amma övladlarımı düşünməliyəm. Təklif olunan məbləğə isə xaricə getməyi lüzum bilmirəm. Çünki mənə uyğun deyil.

- Təkliflər hansı ölkələrdən olub?
- Yunanıstan, Ukrayna və Kiprin yüksək liqasından təklif almışam. Amma onların klublarının hazırda maddi durumları zəifdir. Buna görə də təklifə müsbət cavab vermək istəmədim.

- Yerli auditoriya önünə ilk dəfə 2006-cı ildə - Azərbaycan yığmasının heyətində Qazaxıstana qarşı matçda çıxmısınız. Həmin oyundakı performansınız hamıya ümid verdi. Tez parlayıb, tez sönməyiniz nədən qaynaqlandı?
- Peşəkar futbolda ilk oyunumu 16 yaşımda keçirmişəm və 2015-ci ilə qədər eyni səviyyədə çıxış etmişəm. İndi hamı deyir ki, Vaqif qocalıb. Qocalmamışam, sadəcə 16 yaşımdan millinin şərəfini qoruduğum üçün futbolda olduğum müddət uzun görünür. Elə indi də yığmanın formasını geyinməyə gücüm var. Bizdə indi 27 yaşlı oyunçuya "gənc" deyib, milliyə çağırırlar. Mən 16 yaşımda yığmaya dəvət alanda heyətdə Aslan Kərimov, Kənan Kərimov, Rəşad Sadıqov, Emin Quliyev, Emin İmaməliyev, Aftandil Hacıyev, Mahmud Qurbanov kimi lider oyunçular var idi. Onların ustalıq səviyyəsi də indikilərdən qat-qat üstün idi. Özümdən danışmağı çox xoşlamıram. Amma indi bəziləri özlərini elə tərifləyirlər ki, guya futbol oynayırlar. Onda biz futbol oynamamışıq.

"Hücumçu "ofsayd"da qalar, amma hər an "qol vura" bilərəm"
- Rusiyada - MOİK-də olarkən gələcəyi parlaq gənc futbolçu sayılırdınız. İndi geri boylananda Azərbaycana gəldiyiniz üçün peşmanlıq hissi keçirmirsiniz?

- Xeyr, heç vaxt. Çünki öz vətənimə qayıtmışam. "Qarabağ" kimi komandada uzun müddət çıxış etmişəm, oradan Avropaya getmişəm. Fəxr edirəm ki, "Qarabağ"dan "Tvente" kimi kluba keçmişəm. Hansı ki, onlar o vaxt Hollandiyanın ən güclü komandası idi və çempion olmuşduq.

- Bəlkə uzun müddət AFFA prezidentliyinə göz dikən İsgəndər Cavadovun qohumu olmağınız bu cür münasibətlə üzləşməyinizə səbəb oldu?
- Bu sualın cavabını deyə bilmərəm. Bu ehtimal ola da bilər, olmaya da. Biz əgər futbolumuzun, millimizin gələcəyini düşünürüksə, heç bir futbolçu ilə prinsip aparmamalıyıq. Çünki həmin oyunçular özlərinə görə heç də zəif deyillər və milli komandaya lazımdırlar.

- Daha nə qədər "ofsayd"da qalacaqsınız və klublardan hansınınsa insafa gəlməsini nə vaxta kimi gözləmək fikriniz var?
- Hələ ki, hücumdayam. Eybi yox, hücumçu "ofsayd"da qalar, amma hər an "qol vura" bilərəm. Görək yanvarda başımıza nə iş gəlir. İnşallah, qış fasiləsində nəsə olmalıdır.

- Qısamüddətli çıxışları nəzərə almasaq, təxminən 4-5 ildir unudulmusunuz və cəmi 30 yaşınız var. Cavadovlar nəslinin futbolçuları arasında karyeranıza hansı qiyməti verərdiniz?
- Bəli, mən idmançı nəslindənəm. Məndən əvvəl atam, əmim futbol oynayıb, indi də övladlarım, qardaşım uşaqları var. Biz futbolçu nəsliyik və bu, belə də qalacaq. O ki qaldı kim daha yaxşı oynayıb, hər bir dövrün öz parlaq ulduzu var. 70-80-ci illərdə atam, əmim olub, indi ola bilsin ki, mənəm. İnşallah, bizdən də güclüləri gələr.

"Millimiz indi aşağı səviyyədə çıxış edir"
- Bir az da milli komanda barədə danışaq. Yığmamız AVRO-2020-nin seçmə mərhələsini 1 xalla başa vurdu. Sizcə, bu uğursuz nəticə güclü qrupa düşməklə əlaqədardır?
- Əgər qrupda 1 xal toplayırıqsa və futbolçular deyirlərsə ki, çətin qrupa düşmüşdük, məncə, düzgün səbəb deyil. Bundan da çətin qrupa düşmüşük. Sadəcə, millimiz indi aşağı səviyyədə çıxış edir və nəticədə də 1 xalla kifayətlənirik. Bunun qrupun gücü ilə əlaqəsi yoxdur. Onlar Millətlər Liqasının qrupunda uğursuz çıxış edəndə niyə demədilər ki, asan qrupdan çıxa bilmədik? Belə bəhanələrə ehtiyac yoxdur. Millidə səviyyəsini dəfələrlə sübut etmiş oyunçular da var. Ancaq 3-4 nəfərlə heç nə edə bilməzsən. Bəzi futbolçular səviyyələrini qoruyub saxlaya bilirlər. Ancaq nəticədən asılı olmayaraq, millimizi daim dəstəkləməliyik. Çünki bu, bizim ölkəmizin komandasıdır. Tənqid edə bilərik, amma bunu çürükçü tənqid halına salmamalıyıq. Çünki bu yazıları digər ölkələrin mətbuatı izləyir. Uğursuz çıxış varsa, bundan nəticə çıxarmalıyıq. Onu da başa düşməliyik ki, hazırda olanımız budur.

- Uğursuzluğa görə, kimisi AFFA rəhbərliyini, kimisi baş məşqçini, kimisi futbolçuları tənqid edir. Siz günahı kimdə görürsünüz?
- Nədənsə, çoxları baş məşqçidə günah görmür. Amma məncə, əsas məsuliyyəti o daşıyır. Çünki onun seçimi düzgün deyil.

"Milliləşənlər özlərini göstərməyə gəlirlər"
- Seçim deyəndə, baş məşqçinin elə geniş seçim imkanı da yoxdur axı...

- Futbolçu çoxdur, sadəcə, gərək prinsip aparmayasan. Zədəliləri, klubunda oynamayanları çağırırlar. Halbuki milliyə heç vaxt çağırılmayan, ancaq klubunda daim çıxış edənlər var. Məncə, onlara şans vermək daha yaxşı olar, nəinki zədəlilərə və ya klubunda meydan üzü görməyənlərə. Belədə baş məşqçi də sonra gileylənməz ki, zədəlilərimiz çox idi. İstər cavan, istər yaşlı, kim çempionatda müntəzəm çıxış edirsə, hazırdırsa, o da dəvət olunmalıdır. Onsuz da, bu seçmə mərhələdə nəticə bizim üçün elə böyük rol oynamırdı. İmkan ver, gənclər oynayıb təcrübə toplasınlar. Almaniya yığmasına diqqət yetirin. 3-4 il idi ki, ciddi heç nə edə bilmirdilər. Amma yenidən zirvədədirlər. Çünki gənc nəsli yetişdirirdilər. İngilislər və xorvatlar da hazırda gənc nəslin nümayəndələri ilə əla çıxış edirlər. Fransa yığması 5-6 il yox idi, amma indi hamı onlarla hesablaşır. Biz də bu yolla getməliyik. Ya hazır olanları çağırmalısan, ya da gələcəyin heyətini qurmaq üçün gəncləri.

- Ancaq etiraf et ki, getdikcə daha zəif nəsil yetişir. Futbolçu qıtlığı da yarandıqda milliləşdirmələrin sayı artır...
- Tamamilə doğrudur. Gənc nəsil istənilən səviyyədə deyil. Amma həmişə demişəm ki, Azərbaycan millisində yalnız azərbaycanlılar oynamalıdırlar. Uduzuruqsa, elə özümüzünkülərlə uduzaq da. Milliləşənlər bura özlərini göstərməyə gəlirlər, heç burda yaşamırlar da. Amma biz burada yaşayırıq, küçəyə çıxırıq. Bilirik ki, uduzanda insanların tənqidi ilə üzləşirik. Həm buna, həm ölkəyə, bayrağa görə ən azı meydanda can qoyuruq. Milliləşənlər isə gəlib özləri üçün oynayıb, gedirlər.