12:53 28-11-2019
news_image
1226
FUTBOL

Azərbaycan millisi 3 pillə gerilədi - Mozambik də bizi keçdi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə,  Azərbaycan yığması 114-cü pillədə yer alıb. 

Nikola Yurçeviçin yetirmələrinin hesabında 1177 xal var. Millimiz ötən ayla müqayisədə 3 pillə geriləyib. Buna yığmanın aktivindəki xalların azalması səbəb olub. Komandamız 12 xal itirib.

Belə xal itkisinə hesabat dövründə keçirilən görüşlərin nəticəsi səbəb olub. Komandamız AVRO-2020-nin seçmə mərhələsində keçirdiyi son iki görüşdə Uelsə Bakıda, Slovakiyaya Trnavada uduzub. Hər iki matçda 0:2 hesabı qeydə alınıb.

114-cü yer millinin son ilyarımda ən aşağı göstəricisidir. Yığma sonuncu dəfə 2018-ci ilin mayında – 126-cı olduğu vaxt belə aşağı pillədə idi. Üç pillə geriləyən Azərbaycan yığması Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikasından geri düşüb.

Qeyd edək ki, Belçika (1765), Fransa (1733) və Braziliya (1712) ilk üç pillədəki mövqeyini qoruyub. Qonşu Türkiyə yığması 3 pillə irəliləyərək 29-cu sıraya qalxıb – 1494 xal.