16:27 29-11-2019
news_image
1475
FUTBOL

Hər şey bura qədər idi...

"Azərbaycan futbolu üçün bu da uğurdur, "Qarabağ"ın qrupa düşməyi özü qəhrəmanlıqdır" və sair və ilaxır düşüncələr artıq neçə ildir insanların beyninə yeridilmiş xam fikirlərdir. Bu, bəzilərində artıq robotlaşdırılıb, bəziləri isə kiminsə-nəyinsə xətrinə belə düşüncələrdən azad olmaq istəmir.

Bəli, Azərbaycan futbolu yaradılan şəraitin qarşılığında ən pis günlərini yaşayır, çempionatımız get-gedə məhəllə futboluna dönür, klublarımız peşəkar olmaq əvəzinə həvəskara çevrilirlər. Ancaq bütün bunlar hər il avrokubokda qrupa düşüb, orada "uduzsam da, məni qınayan olmayacaq" düşüncələrinə qapılmaq, əl-qolunu yanına salıb təslim olmaq üçün əsas deyil.

"Qarabağ"da rəhbərliyin ümidini üzmədən illərlə dəstəyini davam etdirməsi, baş məşqçinin qurduğu sistem sayəsində komandanın hər il qrupa düşməsi alqışalayiqdir. Amma bunlar ilk vaxtlarda sevinc, müəyyən müddətdən sonra təsəllidən başqa bir şey deyil.
Qəbul etsək də, etməsək də, Qurban Qurbanovlu "Qarabağ" 2017-18 mövsümü ilə tükəndi. Çempionlar Liqasındakı qrup sevincindən sonra eniş başlandı. Ötən mövsüm BATE-yə uduzandan sonra "Şerif"i məğlub etmək Avropa Liqasının qrupuna vəsiqə üçün kifayət etdisə, cari mövsüm komandanın yolunu hər iki turnirdə APOEL kəsdi. Əslində, Qurbanovun kollektivi hər iki halda qələbəni kiprlilərə öz əli ilə verdi. Rəqibi düzgün təhlil etməmək, yanlış seçimlər komandamızın tarixi şansı əlinin tərsi ilə vurması bahasına başa gəldi.

Elə "Sevilya" ilə dünənki matçda da məqsəd mümkün qədər az qol buraxmaq idi. "Sevilya" böyük klub ola bilər, amma bu, meydana məğlub psixologiyasında çıxmağa əsas verməməlidir. Baş məşqçinin taktikası, futbolçuların meydanda özlərinə bənzəməməsi, topu görəndə ondan tez qurtulmağa çalışması komandanın oyuna doğru hazırlaşmadığının sübutudur. Görünür, məşqçilər korpusu yetirmələrində özünəinam yaratmaq əvəzinə "Sevilya"nı onların gözündə daha da şişirib. Rəqib kim olursa-olsun, əgər ondan xal alacağına inamın yoxdursa, o zaman qrupda nə işin var və hansı üzlə növbəti mərhələnin xəyalını qurursan?

Qurban Qurbanovun Rəşad Sadıqovla bağlı mövqeyi də peşəkar yanaşmaya zidd idi. Dünən 5-li müdafiə sisteminə üstünlük verən baş məşqçi Rəşad ola-ola Maksim Medvedevi mərkəzə çəkmişdi. Çox maraqlıdır ki, Rəşad qrupda yalnız "Sevilya" ilə oyunlarda iştirak etmədi. Əgər kapitan ispanlarla duelə hazır deyildisə, APOEL-lə matçlarda meydanda nə işi var idi? Axı Kipr klubunun 1/16 finala adlamasında onun da müstəsna "xidməti" oldu. Qurbanovun düzgün heyət seçməli olduğu oyunlar "Sevilya" yox, APOEL-lə matçlar idi.

Tarixi fürsətin əldən çıxması klub daxilində fikir ayrılıqlarına da səbəb olub. Vitse-kapitan Maksim Medvedev transferlər zamanı doğru seçim edilmədiyinə işarə vurub. Baş məşqçiyə və futbolçulara daim dəstək olan vitse-prezident Tahir Gözəl də artıq vəziyyətin ürəkaçan olmadığını görür. Gözəl müsahibəsində narazılığını aşkar şəkildə bildirib: "Daha təhlükəli rəqib kimi görünəcəyimizə inanırdım. Bu gün çox passiv idik. Bəlkə də, bərabərlik üçün oynadıq və səhvimiz bu idi. "Qarabağ"ın ifasında gözəl oyun görmədim. Məni məyus edən bu oldu. Arzuma çatmadım, meydanda xəyalımdakı "Qarabağ"ı görmədim. Biz bu qrupdan çıxmalı idik. Tarixi fürsət var idi. Bizim üçün tarixi fürsət idi. Ən yaxşı fürsət idi".

Tahir Gözəl də, Qurban Qurbanov da yaxşı başa düşür ki, belə bir şansın bir daha ələ düşmək ehtimalı azdır. Çoxları razılaşmasa da, bu cür qrupdan çıxmamağın, əlində olan imkanı dəyərləndirməməyin bir adı vardı - fiasko.

Əslində belə uğursuzluqdan sonra baş məşqçi istefa verməlidir. Deyə bilərsiniz ki, bu "Qarabağ"ı Qurban Qurbanov qurub, formalaşdırıb, bu səviyyəyə gətirib. Bəli, "Qarabağ", Azərbaycan futbolu uğurlara görə Qurbanova minnətdar olmalıdır. Amma qəbul edək ki, onun da gücü bura qədərdir. Artıq bu sistemi daha da mükəmməlləşdirəcək, komandanı bir pillə irəli daşıyacaq nəfəs lazımdır. Belə olmasaydı, "Barselona"nı tarixin ən güclü komandası etməyi bacaran, kubokları "silib-süpürən" Pep Qvardiola bir mövsüm uğursuz olan kimi istefa verməzdi və heç kim də ona "gözün üstə qaşın var" deməzdi.