12:03 30-11-2019
news_image
569
TOP OYUNLARI

Azərbaycan yığmasının baş məşqçisinin adı açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Faiq Qarayev yenidən əsas komandanın "sükanı arxasına" keçib. 

Belə ki, Azərbaycan Voleybol Federasiyası (AVF) Avropa Olimpiya Təsnifat Turniri üçün sifariş vərəqəsini Avropa Voleybol Konfederasiyasına göndərib. Burada məhz baş məşqçi kimi AVF-nin I vitse-prezidenti Faiq Qarayev göstərilib. 60 yaşlı çalışdırıcıya əvvəlki illərdə olduğu kimi, Emin Əbilov və Famil Ağayev köməklik edəcəyi bildirilir. Lakin onun bu vəzifəni sonradan başqasına verməsi də istisna edilmir. Çünki Azərbaycan Voleybol Federasiyası Qızıl Avropa Liqası öncəsi də F. Qarayevi sifariş edib, ardınca C. Kaprara ilə müqavilə imzalamışdı. 

Qeyd edək ki, Faiq Qarayev 2018-ci ildə Qızıl Avropa Liqasından sonra əsas komandadan ayrılmışdı. 2019-cu ildə milli italiyalı Covanni Kapraraya həvələ olunmuşdu. O, 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya Lisenziyalı Turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb. C. Kapraranın son sınağı isə Avropa çempionatına təsadüf edib. Əcnəbi baş məşqçinin rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli üçün də son görüş xarakteri daşıyıb.