15:40 30-11-2019
news_image

Hacı Əliyev: "Tokio son Olimpiadam olacaq" - MÜSAHİBƏ

Azərbaycan millisinin güləşçisi Hacı Əliyev Rusiya Güləş Federasiyasının saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, Moskva Qran-Prisi – ALROSA kubokunda iştirak edən güləşçi karyerası, planları, Olimpiya Oyunları barədə danışmazdan öncə bu idman növünə gəlişini xatırlayıb.

- 9 yaşımdan güləşdəyəm. Məni güləş dünyasına atam gətirib. O, Naxçıvan səviyyəsində yaxşı idmançı idi. Uşaqlıqdan mənə deyirdi ki, istəyirəm sən məşhur, titullu güləşçi olasan. Nəticə qazanmağım üçün atam hər şeyə hazır idi. O, məni Bakıya göndərdi və orda daha güclü məşqlər etməyə başladım. Atam olmasaydı, heç vaxt güclü güləşçi olmazdım. Futbolçu olmağı arzulayırdım, oynamağı sevirdim. Amma güləşçi olduğuma şadam. Yeniyetmə və gənclər arasında nəticələrim olmayıb. Uğurlar böyüklər arasında yarışlarda gəldi.

- Yəqin Azərbaycan güləş yığmasının ən yaxşı futbolçususunuz?
- Futbolu çox sevirəm. Tez-tez oynayırıq. Amma bizim komandada yaxşı oynayanlar çoxdur. Dostlarım arasında da çox sayda peşəkar futbolçular var.

- Ən sevimli güləşçiniz kimdir?
- Biz sərbəst güləş dünyasına ona görə göz açdıq ki, olimpiya çempionu Namiq Abdullayev kimi həmyerlimiz var. Amma uşaq vaxtından Buvaysar Saytiyevi sevirəm. Buvaysar kimiləri olmayıb, yoxdur və olmayacaq.

- Rusiyada tez-tez olursunuz?
- Moskvada ilk dəfədir oluram və çox xoşuma gəldi. Bu start da tarixə düşəcək. İlk görüşdəcə olimpiya çempionuna qalib gəldim. Mahaçqalada daim oluram. Kislovodskda da təlim-məşq toplanışlarına gedirəm. Moskvaya isə heç cür alınmırdı. Dəfələrlə böyük turnirlərdə olmuşam. Amma onlarda təşkilatçılıq axsayıb. Moskva Qran-Prisində isə sanki Olimpiya Oyunları və ya dünya çempionatındayam. Burda hər şey lazım olduğu kimidir, ona görə də mübarizə gedir.

- Qarşıdakı planlarımız necədir?
- Ən vacib olanı lisenziya turniridir. Ona qədər artıq turnirlərdə çıxış etməyəcəyəm. Gücümü olimpiya lisenziyası qazanmaq üçün toplayacağam. Yəqin ki, Tokio mənim son Olimpiadam olacaq.

- Sizin çəki dərəcəniz çox güclüdür...
- Bu barədə düşünmüşəm ki, bizim çəkidə ən yüksək rəqabətdir. Götürək elə həmin Vladimir Xinçeqaşvilini – yalnız 65 kq çəkidə ona qalıb gəlməyi bacarmışam. Altı dəfə ona uduzmuşam. Yalnız son iki qarşılaşmada qalib gəldim. Bizim çəkidəki rəqabət heç vaxt və heç yerdə olmadığı kimidir. Bütün çəkilərdə yaxşı güləşçilər var. Amma bizdə daha çoxdur: Yaponiya, Kuba, Gürcüstan, Hindistan, Rusiya, əlbəttə... Hamını saya bilməzsən... Amma birinci yer həmişə bir dənədir. Mən də Olimpiadada məhz həmin yeri tutmağa çalışacağam.

- Əgər kimsə Azərbaycana gəlsə, ona hara getmək, vaxtını necə keçirmək və nə almağı məsləhət görərsiniz?
- Bakıya gəlin, İnstaqramda məni tapın və sizdə hər şey yaxşı olacaq.