22:51 30-11-2019
news_image
1233
FUTBOL

"Azərbaycanda, Bakıda öz meydanımızda oynayacağımızı düşünürük" - Şenol Günəş

Şenol Günəş: "Azərbaycanda, Bakıda öz meydanımızda oynayacağımızı düşünürük"

“Püşkdən öncə rəqiblərdən çox şəhərləri və səfərləri müzakirə etmişdik. Biz uzaq səfər olsa belə Bakını istəyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

O, AVRO-2020-nin final mərhələsinin püşkatmasına münasibət bildirib. İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda yer alan “ay-ulduzlular”ın çalışdırıcısı oyunlarından ikisini Bakıda keçirəcəklərini sevinclə qarşılayıb:

“Azərbaycanda, Bakıda öz meydanımızda oynayacağımızı düşünürük. Açılış oyununu Romada keçirdikdən sonra Bakıya getmək bir az çətin olacaq. Avropanın güclü komandaları püşkə qatıldı. Hamısına uğurlar arzulayıram. Bu turnirdə olmaq Türkiyə üçün qürurvericidir”.

Ş.Günəş yarışdakı hədəflərinə də aydınlıq gətirib: “Oyunumuzla özümüzdən söz etdirmək, turnirə rəng qatmaq istəyirik. Qrupdan çıxmaqla gözəl günlər görərik. Hədəfimiz budur. Bu çempionat maraqlı oldu. Son ana qədər harada oynayacağımız bəlli deyildi. İndi təlim-məşq toplanışı üçün yer çətinlik yarada bilər”.

Mütəxəssis rəqiblərə də toxunub: “İsveçrənin baş məşqçisi Vladimir Petkoviç “Samsunspor”da işləyib və Türkiyəni tanıyır. Roberto Mançini “Qalatasaray”dan bizə bələddir. Rayan Giqqz İngiltərədə oynayıb, indi isə Uelsin sükanı arxasında fərqli üslub formalaşdırıb. Son səbətdən çıxan Uelsdən üç xal almalıyıq. Açılış matçında İtaliyaya Türkiyə futbolunun fəlsəfəsini göstərmək şansımız olacaq. İtaliya seçmə mərhələdə 10 oyunda 10 qələbə qazanmaqla bizə qarşı oynayacaq. Ümid edirəm ki, ilk məğlubiyyətini bizdən alar”.