13:38 02-12-2019
news_image
1205
FUTBOL

Turdan-tura öz yerini tapan komanda – “Səbail”

Azərbaycan futbolu dedikdə təəssüf ki, göz önündə daha çox neqativ hallar canlanır. Futbolumuzun dəbdə olan ənənələrindən biri də klubların dağılmasıdır.

Dolub-daşan "klub qəbiristanlığı"nda "ölənlər"in sayı artmaqdadır. Görünən odur ki, mövsümün sonunda daha bir komandanı "basdıracağıq". Bəli, yüksək liqada cəmi 8 klubumuz var və biz bu sayı da qoruyub-saxlaya bilmirik. Hətta AFFA-nın şərtləri sərtləşdirməsi belə, problemin həlli üçün yetərli olmur.

Hadisələrin gedişi onu göstərir ki, növbəti qurban böyük səs-küylə yaradılan, qısa müddətdə avrokuboklara qədər yüksələn və artıq eyni templə quyunun dibinə yuvarlanan "Səbail" olacaq. Halbuki qəsəbə təmsilçisi olduqca "qazlı" başlamışdı. İki il əvvəl Premyer Liqada debüt edən "Səbail" elitadakı ikinci mövsümündə 3-cü yeri tutdu, Avropa Liqasına yollandı. AFFA-nın himayəsində olan, hətta ilk ilində assosiasiya prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin rəhbərlik etdiyi paytaxt klubu yüksələn qrafik cızırdı.

Nə oldusa, bu yay avrokubokda "Universitatya Krayova"ya məğlubiyyətdən sonra oldu. Mövsümlərarası fasilədə heyətə cəlb olunan əcnəbilərdən 3-ü yeni mövsüm başlamamış yola salındı. Bu, artıq ciddi siqnalın xəbərçisi idi. Düzdür, komanda Premyer Liqaya uğurlu start götürdü, ilk turlarda ikinci pillədə yer aldı. Ancaq getdikcə nəinki orda möhkəmlənməyəcəyi, hətta "zirzəmi"yə yuvarlanacağı da qaçılmaz idi. Maliyyə baxımdan problemdən çox baş məşqçi Aftandil Hacıyevin hər qələbədən sonra bədbin fikirlər səsləndirməsi vəziyyətin ürəkaçan olmadığını göstərirdi. Turdan-tura digər komandalar öz oyununu tapdı və "Səbail" də Hacıyevin gözlədiyi yerə - autsayder mövqeyinə düşdü.

Prinsipcə, "Səbail"in heyəti "Sumqayıt"dan, "Zirə"dən heç də zəif deyil. Hər halda, Elvin Yunuszadə, Ürfan Abbasov, Şəhriyar Rəhimov, Vüqar Bəybalayev, Rahid Əmirquliyev, Fəhmin Muradbəyli, Mirabdulla Abbasov və Ağabala Ramazanovlu heyət "Sumqayıt"dan daha güclü görünür. Əsas və gənclər yığmamızın bir neçə üzvünə, eləcə də, özünü təsdiq etmiş təcrübəli oyunçulara malik qəsəbə təmsilçisi ilə yuxarı pillələrdə qalmaq olardı. Amma baş məşqçi buna inansaydı... 

Qələbələri təsadüfi görən Aftandil Hacıyev məğlubiyyətlər bir-birini əvəzlədikcə gedişata sanki "bu cür olmalı idi" kimi yanaşır. Təbii ki, baş məşqçisi inanmayan komandanın heyəti necə olursa-olsun, futbolçusu da öz gücünə şübhə edəcək.

Təbii ki, döyüşmək lazımdır ki, futbolçular da səndən əlavə güc alsınlar. Başçısı təslim olan ordu yenilgiyə məhkumdur. "Səbail"də hazıkı vəziyyət eynilə belədir. Aftandil bəyin qurduğu taktiki düzülüş də yalnız uduzmamağa hesablanır: 9 nəfərlə müdafiədə oturum, 2 nəfərlə qol vurdum-vurdum, vurmasam da 0:0-ı saxlayım. Müasir futbolda heç ən zəif komanda belə, nəhəng rəqib önünə bu qədər qorxaq çıxmır. Amma "Səbail" təkcə "Qarabağ" və "Neftçi" yox, öz gücündə olan digərlərinə qarşı da bu cür oynayır.

Avropa Liqasında qrupdan çıxa bilməyən "Qarabağ"ın, çempionatda lider ola bilməyən "Neftçi"nin, hətta Avropa çempionatına çıxa bilməyən Azərbaycan yığmasının baş məşqçisinin istefasını tələb edənlər heç də az deyil. Halbuki indiki durumda onların bu hədəfləri reallaşdırması, demək olar ki, mümkünsüzdür. Ancaq 9 oyundur qələbə üzü görməyən "Səbail"də Aftandil Hacıyevin istefası müzakirə mövzusu belə deyil. Vəziyyətlə barışmış məşqçini postunda saxlamaq o anlama gəlir ki, rəhbərlik də sonuncu olmaqdan narazı deyil.

Radikal dəyişiklik olmasa mövsümün sonunda olacaqlar indidən bəllidir: "Səbail" sonuncu yeri tutacaq, onsuz da, maliyyə problemi yaşandığı əsas götürülərək, klubun fəaliyyəti dayandırılacaq.