16:14 02-12-2019
news_image
132
AVRO-2020

AVRO-2020: Azarkeşlərimiz belə bir qrupu arzulayırdılarmı?

Avropa çempionatının püşkatması Bakıya səfər edəcək komandaların adlarına aydınlıq gətirdi.

Apasport.az saytının məlumatına görə, millimizin final mərhələsinə vəsiqə qazana bilməməsi İtaliyanın ölkəmizə gəlmək etimalının üstündən xətt çəkdi.

Azarkeşlərimiz Bakı Olimpiya Stadionunda Türkiyə, Uels və İsveçrənin oyunlarına tamaşa edə biləcəklər. Bu komandaların futbolçuları ilə həmin vaxt təkcə BOS-da deyil, paytaxtımızın küçələrində də rastlaşmaq, şəkil çəkdirmək, avtoqraf almaq imkanları yaranacaq. Buradan belə bir sual yaranır: azarkeşlərimiz, həqiqətən də, belə bir qrupu arzulayırdılarmı?

Bu məsələyə ikili yanaşma mövcuddur. Bəli, Türkiyə yığmasının qrupda olması bir çoxlarına digər amilləri unutdurur. Nəzərə alaq ki, "ay-ulduzlular" açılış matçında İtaliyanın qonağı olduqdan sonra növbəti iki matçını paytaxtımızda keçirəcək və qrup mərhələsi bitənə kimi, Bakıda məskunlaşacaq. Həmin günlər Bakı küçələrindəki coşğunu, bayram ab-havasını indidən təsəvvür etmək mümkündür. Qardaş ölkə komandasının qələbəsinin azarkeşlərimizin sevincini birə-beş artıracağına şübhə yoxdur.

Türkiyə millisinin A qrupuna düşməsi elə AFFA üçün də göydəndüşmə oldu. Bu, millimizin seçmə mərhələdəki fiaskosunu artıq hər kəsə unutdurdu, "Azərbaycan olmasa da, Türkiyə burada oynayacaq" kimi təsəlliverici düşüncələr formalaşdı. Bu da AFFA-nı bir növ təzyiqdən, tənqiddən xilas etdi. İnanın ki, artıq Nikola Yurçeviçi millidə saxlayıb-saxlamamaları ilə bağlı qərar ən azı Avropa çempionatının sonuna qədər yerli futbolsevərlərə maraqlı olmayacaq.

Amma məsələnin ikinci tərəfi də var. Doğrudur, Türkiyə yığması qardaş ölkə təmsilçisidir və burada artıqlaması ilə dəstəklənəcək. Bəs nəhəng komanda prizmasından yanaşsaq, həm Türkiyə, həm də Uelslə İsveçrə istədiyimiz keyfiyyətdədirlərmi? Ən yaxşı oyunçuları "Liverpul"da ehtiyatda qalan Xerdan Şaqiri, "Arsenal"ın qovmağı düşündüyü Qranit Cakalı İsveçrə, yenicə qəbul etdiyimiz, dünya səviyyəli yeganə ulduzu Qaret Beyl olan Uels nə qədər nəhəng komandadır? Elə Türkiyə yığması da Hakan Şükürün, Bülənt Qorxmazın dönəmindəki qədər böyük oyunçulara malik deyil. Şenol Günəşin ixtiyarında indi ulduz olmasa da, işinə daha peşəkar yanaşan, əsası gənclərdən qurulan döyüşkən kollektiv var.

Bu baxımdan "ölüm qrupu" F yox, A qrupu olsaydı, Bakıya Portuqaliya, Fransa gəlsəydi, bizim üçün daha maraqlı olmazdımı? Yəqin ki, əsl futbol fanatları belə qrupu arzulayardı. Bakı Olimpiya Stadionunda iki nəhəng yığmanın qarşılaşmasını izləməklə Uels - İsveçrə matçına baxmaq arasında çox fərq olardı. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyə amili komandaların gücünü, səviyyəsini kölgədə qoyur...