08:41 03-12-2019
news_image
137
FUTBOL

Təmkin Xəlilzadə: “Penalti var idisə, haqqımızı yedilər” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"ı qəbul edən "Sabah" 0:1 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun futbolçusu Təmkin Xəlilzadə qarşılaşmadan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununuza çıxdınız. Təəssüratlarınız necədir?
- Yeni baş məşqçi ilə bu matça hazırlaşmağa çox vaxtımız olmadı. Səhv etmirəmsə, 2 və ya 3 məşqi bir yerdə işlədik. Amma gözlədiyimdən də yaxşı alındı. Uşaqlar çox əziyyət çəkdilər. 90 dəqiqə ərzində vuruşduq, bu, oyun zamanı görünürdü. Ən azından evdə oynayırdıq. Rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz 3 xal qazanmaq idi. Hesabda geri düşdükdən sonra, bərabərlik qolunu vurub, 1 xal qazanmağa çalışdıq. Rəqib də sıradan komanda deyildi. Son illərin çempionuna qarşı oynayırdıq. Alınmadı, amma görünən odur ki, bu oyunla çempionatda yaxşı nəticələr qazanmaq olar.

- Xal qazanmağınız üçün nə çatmadı?
- Məncə, hücumda çoxala bilmədik. Top itkilərimiz az olsaydı, bəlkə istədiyimiz hücumları qura bilərdik. Oyunun sonlarında penalti epizodu da oldu. Düzdür, yaxından görmədim. Matçdan sonra Əliyar Ağayevə yaxınlaşıb soruşdum ki, epizodu 100 faiz gördünmü? Dedi ki, gördüm. Səbirsizliklə həmin epizodun təkrarını gözləyirəm. Əgər, doğrudan da, penalti var idisə, haqqımızı yedilər. Belə olsaydı, ən azı 1 xal qazanmaq olardı. Epizoda baxmaq lazımdır.

- Sopiç komandada hansı yeniliyi gətirib?
- Gəldiyi gündən bizdən meydanda nələr istədiyini başa saldı. Kompakt oynamağımızı, xətlər arasındakı boşluqlara yol verməməyi tapşırmışdı. Bunun alınıb-alınmadığı oyundan sonrakı təhlildə biləcəyik. Şəxsi fikrim belədir ki, pis müdafiə olunmadıq. Sadəcə, qol çatmadı.

- Mövsüm ərzində ilk dəfə "Sabah"la 8 yerli futbolçu start heyətində meydana çıxmışdı...
- Düzdür, legionerlərimiz var, amma əsasən yerlilərdən qurulmuş komandayıq. Baş məşqçimiz belə qərar verdi. Yerlilərimiz pis təsir bağışlamadı.

- İki gün sonra kubok oyununa çıxacaqsınız. Çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Amma bu, bizim işimizdir. Sabah daha bir məşqimiz var. İnşallah, plana uyğun davam edərik.

- Qol vurmaqda çətinlik çəkirsiniz. Bu hücumçuların səviyyələrinin aşağı olmasından qaynaqlanır?
- Belə deməzdim. Əcnəbi hücumçularımızın hər birinin çempionatda 3 qolu var. Məncə, məhsuldarlıqları o qədər də pis deyil. Bu gün hücumda Amadu ilə mən oynayırdım. Mənə yad mövqe deyil. Amma çox vaxt müdafiədə çıxış etdiyim üçün qol epizoduna girməkdə çətinlik çəkirdim. Sonradan digər hücumçularımız meydana daxil oldu. Ancaq bilmirəm qola vaxtımız, yoxsa gücümüz çatmadı. Bunu baş məşqçimiz təhlil edib, səhvlərimizi göstərəcək.