13:17 03-12-2019
news_image
1383
FUTBOL

Millimiz Türkiyə ilə qarşılaşa bilər – BOS-da

Azərbaycan milli komandasının 2020-ci ilin ilk yarısında bir neçə yoldaşlıq oyunu keçirilməsi planlaşdırılır.

Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyi AVRO-2020-nin seçmə mərhələsində uğursuz çıxış edən komandanın növbəti sınaqlara daha yaxşı hazırlaşması üçün sınaqçı rəqiblər axtarır.

Daim rəqib tapmaqda ciddi çətinliklərlə üzləşən yığma bu dəfə daha əlverişli vəziyyətdədir. Çünki AVRO-2020-nin final mərhələsi ölkəmizdə keçiriləcəyindən bəzi komandalar Bakı Olimpiya Stadionu (BOS) ilə öncədən tanış olmağa hazırdır.

Qrup mərhələsinin iki görüşünü Bakıda keçirəcək İsveçrə, Uels və Türkiyə bu baxımdan ən əlverişli seçimdir. Çünki bu yığmalara da final mərhələsi ərəfəsində ölkəmizdə olmaq, stadionda yoxlama matçına çıxmaq sərf edir. Bu baxımdan qonşu Türkiyə yığması ilə yoldaşlıq oyununun keçirilməsi daha realdır.

Əvvəllər də dəfələrlə görüşdüyümüz “ay-ulduzlular”ın final mərhələsindən əvvəl Bakıda yoxlama görüşünə çıxması indidən böyük azarkeş ordusu toplamaq baxımından da sərf edir.

Final mərhələsinin oyunlarını qəbul edəcək Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev də apasport.az saytına açıqlamasında belə bir matçın təşkil olunmasının mümkünlünü bildirib:  “İnanıram ki, buna oxşar oyunlar olacaq. Hələlik bu barədə məlumatım yoxdur. Belə müraciət olarsa, AFFA-ya ediləcək”.

C.Qarayev stadionun nəinki final mərhələsinə, hətta bundan əvvəl keçirilməsi mümkün olan yoxlama matçlarına da tam hazır olduğunu bildirib: “Final mərhələsinin oyunlarına hazırlaşırıq. İnfrastruktur baxımından bütün işlər yekunlaşıb. Demək olar ki, artıq bu qarşılaşmaları qəbul etmək üçün hazırıq”.  

Arenanın direktoru qeyd edib ki, qrup mərhələsinin üçündə də tribunaların dolacağına, Türkiyə yığmasının görüşlərinin daha fərqli olacağına əmindir: “100 faiz deyə bilərəm ki, Türkiyə millisinin oyunlarında stadion dolacaq. Təbii ki, İsveçrə ilə Uelsin görüşündə eyni qədər olmayacaq. Lakin inanıram ki, həmin qarşılaşmada da tribunalar dolacaq”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 finalın bir matçı keçiriləcək. İyunun 13-də İsveçrə - Uels, 17-də Türkiyə - Uels, 21-də Türkiyə - İsveçrə oyunları baş tutacaq.