17:09 03-12-2019
news_image
412
FUTBOL

"Sambaçılar"ın "Yeni Neymar"ı – Rodriqo

Apasport.az saytı bu gündən daha bir rubrikaya start verir. "Ulduzlar" adlanan bu rubrikada məşhur idmançıların, eyni zamanda gələcəyi parlaq gənclərin həyat hekayələrinə göz gəzdirəcəyik.

Futbolçu karyerası uğurlu alınmayan bir atanın xəyallarını gerçəkləşdirmək üçün yetişdirdiyi gənc istedad - Rodriqo Silva de Qoes. İlk rubrikamızda "sambaçılar"ın "yeni Neymar" adlandırdığı "Real"lı Rodriqonun həyat yolunu "gəzəcəyik".


Rodriqo 2001-ci il yanvarın 9-da Braziliyanın San-Paulo şəhərində dünyaya göz açıb. Qazancı idmandan çıxan orta təbəqəli bir ailənin üzvüdür. Atası Erik Batista ailəsini dolandırmaq üçün kifayət qədər pul qazana bilməyən bir futbolçu olub. Karyerasının uğurlu alınmayacağını başa düşən Erik futbolla bağlı arzularını oğlu Rodriqo ilə reallaşdırmağın yollarını axtarmağa başlayıb. "Real" azarkeşi olan Erik oğluna həmin vaxt "Qalaktikos" formasını geyinən Robinyonu izlədərək, onun bacarıqlarını, karyera cığırını beyninə yerləşdirməyə çalışıb.


Robinyonun izi ilə
Rodriqo hələ 9 yaşında dünya futboluna bir çox ulduz qazandırmış "Santos" klubunun sınaq məşqinə qatılıb. Məşqçilərinə uğurlu ola biləcəyinin siqnalını verib və akademiyaya cəlb olunub. Ailəsi Rodrinin futzal komandasında yer almasını israrla istəyib. Çünki bu, Robinyonun karyera yoludur.


Özündən böyüklərə qarşı
10 yaşında artıq özündən böyüklərlə futbol oynamağa başlayıb. Meydanı görməsi, driblinqi, qol duyumu... Qısacası, istedadı ilə elə o yaşlardan göz qamaşdırıb. Dayanmadan inkişaf etməkdə idi. Formasını geyindiyi "Santos"da əvəzedici heyətin kapitanlığına qədər yüksəlib.


Titullar, rekordlar, ilk peşəkar müqavilə
Gün keçdikcə daha güclü futbolçuya çevrilən Rodri artıq 16 yaşına çatmışdı. "Santos"u çalışdıran Dorival Junior onun əsas komandaya qatılmasını istəyib. Bu dəvət gənc ulduz namizədinin ilk peşəkar müqaviləsinə yol açıb.

Təqvim 2018-ci ilin mart ayını göstərəndə Rodriqo Libertadores Kubokunda forma geyinən ən gənc "Santos"lu kimi tarixə düşüb. Cəmi 2 həftə sonra həmin turnirdə ilk qolunu vurub. Bu dəfə də Libertadores Kuboku tarixinin qol vuran ən gənc braziliyalısı ünvanına sahib çıxıb. Ölkəsindəki yüksəlişi Braziliyanın 1-ci liqası sayılan "Paulista"nın ən yaxşıları sırasına düşməsinə səbəb olub.


"Real" qapıları üzünə açılır
Rodrinin istedadı Braziliya sərhədlərini aşıb, bütün dünyaya yayılmışdı. Onu artıq "Santos"da saxlamaq mümkünsüz idi. Karyera pilləkənlərini sürətlə çıxan gənc futbolçunun adı "Real"la birgə hallanırdı. Bir növ atasının arzuladığı kimi, Robinyonun yolu ilə gedirdi. Robinyo kimi, o da gənc yaşda "Kral klubu"nun diqqətini cəlb etməyi bacarmışdı.

Həyatının, bəlkə də, dönüş nöqtələrindən biri olacaq an gəlmişdi. "Real"ın skautları raportlarını təqdim etmiş, transfer üçün danışıqlara start verilmişdi. İspaniya nəhəngi 17 yaşlı Rodriqo üçün "Santos"la 45 milyon avroya ortaq məxrəcə gəlmişdi. Ancaq bu anlaşma bir il sonra üçün nəzərdə tutulmuşdu. Yəni Rodri "Real" formasını geyinmək üçün daha bir il gözləməli idi. Futbolçu həmin vaxt hisslərini belə bölüşmüşdü: "Dünyanın ən güclü klublarından biri ilə anlaşmaq mənə əlavə motivasiya verir. Klubun böyüklüyü mənim üçün qorxuducudur, amma bu, xoş qorxudur. Göstərilən etimadı doğrultmaq özümdən asılıdır".

"Real" 5 illik müqavilə bağladığı oyunçunu ilk olaraq B komandası "Kastilya"ya göndərib. Həmin komandanı isə "Kral klubu"nun əfsanəvi hücumçusu Raul Qonzales çalışdırırdı. Həmin ərəfələr klubda baş məşqçi dəyişikliyi ilə bağlı söz-söhbət gəzirdi. Baş məşqçi postuna qısa müddət sonra yenidən Zinəddin Zidan gətirildi.


"Zidanı ilk dəfə görəndə əsməyə başladım"
Rodriqo Braziliya mətbuatına açıqlamasında Zidanla ilk görüşünü xatırlayıb: "Zidanı əvvəlcə tanımırdım. Çünki mən gələndə o, hələ kluba dönməmişdi. Sonra onunla ilk qarşılaşmamda əsməyə başladım. Birinci gündən mənə qarşı yaxşı rəftar göstərdi. Ondan çox şey öyrəndim. Mövsümün əvvəlində zədələndiyim üçün depressiyaya düşmüşdüm. Amma Zidan hər gün tibb otağına gələrək mənə ürək-dirək verirdi. Bu, fikrimi cəmləşdirməyimə və zədə müddətini daha asan keçirməyimə kömək oldu. Zədədən qayıtdıqdan sonra daha güclü oldum".


"Real"la ilk oyunda qol
Dünya futbolunun ən prestijli yay turnirlərindən sayılan Beynəlxalq Çempionlar Kubokunda "Real" "Bavariya" ilə qarşılaşırdı. Rodriqo fasilədən sonra İskonun yerinə meydana daxil olur. Braziliyalı 87-ci dəqiqədə cərimə zərbəsi zamanı topun arxasına keçir və gözəl zərbə ilə toru silkələyir. Bununla madridlilərdə qol "siftə"sini edir. "Sambaçı" zərbədən öncə yaşananları belə vurğulayıb: "Santos"da olarkən də cərimə zərbələrini mən yerinə yetirirdim. Bu üzdən zərbəni vurmaq istədim".


Çempionlar Liqasında tarixi het-trik
Bu mövsüm Çempionlar Liqasının A qrupunda qərarlaşan "Real" IV turda "Qalatasaray"la üz-üzə gəlib. La Liqa təmsilçisinin 6:0 hesabı ilə qalib gəldiyi matçdan sonra işıqlar Rodriqonu göstərirdi. Dünya mətbuatı onu tərifləyir, şəkilləri manşetləri bəzəyirdi. Zarafat deyil, gənc istedad karyerasının ilk Çempionlar Liqası matçında het-triklə tarixə düşməyi bacarmışdı. O, artıq ÇL tarixinin qol vuran ən gənc braziliyalısıdır.

Braziliya millisinin baş məşqçisi Tite oyundan sonra onu çox bəyəndiyini və bu üzdən yığmaya çağırdığını söyləyib: "Rodriqo ilə ilk dəfə millidə üz-üzə gəldim. Bəlkə də, inanmayacaqsınız, amma indiyə qədər heç vaxt onunla bir yerdə oturmamışdım. "Qalatasaray"a vurduğu ilk qolu gördüm. Həmin matçda Rodriqoya aşiq oldum".


Heyranlıq duyduğu Neymara rəqib oldu
İllər əvvəl Rodriqo "Santos"un aşağı yaş qrupunda olanda Neymar əsas komandada çıxış edirdi. Neymar həmin vaxt braziliyalıların örnək götürdüyü oyunçu idi. Futbolla maraqlanan uşaqlar onun kimi olmağın xəyallarını qururdu. Rodriqo da həmin yeniyetmələrdən biri idi. Klubun bazasında təşkil edilən bir mətbuat konfransında Neymarı görüb, şəkil çəkdirmək üçün yanına getmişdi. Neymar haradan biləydi ki, birgə şəkil çəkdirdiyi uşaq bir neçə il sonra "yeni Neymar" kimi çağırılacaq? Həmçinin Çempionlar Liqası matçında ona rəqib olacaq... Qrup mərhələsinin V turunda "Real"la PSJ arasında baş tutan görüş iki "sambaçı"nı yenidən bir araya gətirdi. Ancaq bu dəfə fərqli formalarda rəqib qismində...

Hazırda cəmi 18 yaşı olan Rodriqo işinə Neymar və Robinyodan fərqli, daha peşəkar şəkildə yanaşarsa, onlardan da güclü futbolçu kimi dünya futbolunda adından söz etdirəcək potensiala malikdir.