[b]"APA Holding" I Avropa Oyunları haqqında 12 mindən çox xəbər hazırlayıb[/b]
30.06.2015 - 12:57
[b]"APA Holding" I Avropa Oyunları haqqında 12 mindən çox xəbər hazırlayıb[/b]

Şirkət Oyunlarla bağlı 1500-ə qədər foto yayıb


 

"APA Holdinq"  Bakı-2015: I Avropa Oyunlarının işıqlandırılması ilə bağlı hesabatını açıqlayıb.

 

Şirkət I Avropa Oyunları ilə bağlı mart ayından etibarən Koordinasiya Mərkəzi yaradıb.

 

Əsas əlaqələndirici Apasport Agentliyi olmaqla, şirkətə daxil olan qurumların redaktorları və əməkdaşları da bu mərkəzə cəlb ediliblər.

 

İyunun 1-dən etibarən isə şirkətə daxil olan qurumların I Avropa Oyunları ilə bağlı hazırladığı xəbər, müsahibə, reportaj, foto və video materiallar online yayımla yanaşı, gündəlik bülleten formasında da abunəçilərə çatdırılıb. Bülletenlər Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

 

Şirkətin 29 əməkdaşı Oyunların işıqlandırılması üçün akkreditasiyadan keçirilib.

 

İyunun 30-a olan statistikaya görə, oyunlarla bağlı şirkətə daxil olan strukturlarda  ümumilikdə 12373 xəbər yayılıb.

 

Bunlardan 4826 xəbər APA Agentliyində, 2612 xəbər Apasport Agentliyində, 2115 xəbər lent.az-da, 1853 xəbər vesti.az-da, 967 xəbər, reportaj isə APA TV-də yayımlanıb.

 

APA Analitik Mərkəzi Oyunlar və bu ərəfədə Azərbaycana yönəlmiş kampaniyalarla bağlı 40-a qədər analitik yazı yayımlayıb.

 

Agentliyin 5 dildə yayılmış (Azərbaycan, rus, ingilis, fransız, ərəb) xəbər və təhlilləri yüzlərlə yerli və xarici media orqanında yayılıb.

 

Şirkətin əməkdaşları yarışlarda medal qazanan idmançılarımızdan eksklüziv açıqlamalar alıb, atletlərimizin medal qazandığı final və yarımfinal görüşlərinin icmalını təqdim edib. Avropa Oyunları dövründə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Milli Olimpiya Komitəsi tərəfindən keçirilən bütün tədbirlər istisnasız olaraq geniş işıqlandırılıb.

 

APA Holdinqin foto xidmətinin əməkdaşları Oyunlarla bağlı 1500-ə qədər foto çəkiblər. Bu fotolar şirkətə daxil olan strukturlarda "fotosessiyalar" formasında yayılıb.

 

Şirkətə daxil olan strukturların sosial şəbəkələrdəki səhifələrində də mütəmadi olaraq xəbərlər paylaşılıb. Xəbərlər sosial şəbəkələrdə #Baku2015 haştaqı ilə yayılıb. Məsələn, APA TV-nin Avropa Oyunlarında güləşçimiz Rəsul Çunayevin qızıl medal qazandığı final görüşündən hazırladığı xəbər 240 min dəfə izlənib.

 

APA TV Avropa Oyunları ərəfəsində yarışların keçiriləcəyi arenalar, şəhərdə nəqliyyatın hərəkət qaydaları, Bakı şəhərinin turizm obyektləri, turistlərə təqdim olunacaq mətbəx nümunələri, satışa çıxarılacaq suvenirlər, bilet satışı, insanlarımızın Avropa Oyunlarından gözləntiləri, idmançılarımızın yarışlara hazırlığı, təlim-məşq toplanışları ilə bağlı çoxsaylı reportajlar hazırlanıb. Bundan başqa APA TV-də “Avropa Oyunları” adlı xüsusi verilişi efir həyatına başlayıb. Layihə çərçivəsində Milli Olimpiya Komitəsinin və federasiyaların rəhbərləri, yığma komandalarımızın baş məşqçiləri APA TV-nin qonağı olub, Avropa Oyunlarının əhəmiyyəti, hazırlıq prosesi, idmançılarımızdan gözləntilərlə bağlı fikirlərini bölüşüblər.

 

APA TV-nin “Səhər zəngi”, “Sosium” və “Manşet” proqramlarında Avropa Oyunları ilə bağlı gündəm mövzular müzakirəyə çıxarılıb.

 

APA TV Oyunlarının açılış və bağlanış mərasimlərini, Azərbaycan tamaşaçısı üçün maraq doğuran idman yarışlarını internet üzərindən canlı yayımlayıb.

 

Yarışlar dövründə tamaşaçılara Azərbaycana gələn turistlərin ölkəmizlə bağlı fikirlərinə həsr olunan süjetlər, turistlər üçün nəzərdə tutulan tədbirlərdən reportajlar təqdim olunub.

 

Tamaşaçılar hazırlana xəbər, süjet, reportaj və proqramları APA TV-nin rəsmi Youtube kanalı vasitəsilə də operativ izləmək imkanı əldə ediblər.

 

Ümumilikdə Avropa Oyunları dövründə APA TV-nin xəbər blokunun və “Ana xəbər” buraxılışının 70-80 faizini yarışlara həsr olunmuş materiallar təşkil edib. Azərbaycan virtual məkanında internet üzərində görüntülü xəbər təqdim etmək sahəsində liderliyini qoruyub saxlayan APA TV-nin xəbərləri 12-28 iyun tarixlərində 1748686 dəfə izlənib.

 

0