[b]“Artıq rahat nəfəs ala bilərik” [/b]– azərbaycanlı çempion
29.06.2015 - 13:30
[b]“Artıq rahat nəfəs ala bilərik” [/b]– azərbaycanlı çempion

I Avropa Oyunlarında 69 kq çəkidə qızıl medal qazanan boksçu Pərviz Bağırovun apasport.az saytına müsahibəsi

 

- I Avropa Oyunlarının çempionu olduğunuz üçün hansı hissləri keçirirsiz?

- Yarış mənim üçün çox çətin keçdi. Güclü rəqiblərim var idi. Uzun müddət idi hazırlaşırdıq. Şükürlər olsun, qızıl medal qazanıb, mənə bəslənən ümidləri doğrultdum, himnimizi səsləndirdim. Artıq rahat nəfəs ala bilərik.

 

- Ən çətin döyüşünüzü hansı rəqibə qarşı keçirdiz?

- Burda ən çətin döyüşüm final görüşü oldu. Rəqibim Avropa çempionu idi. Ümumiyyətlə, Rusiyadan zəif idmançı görməmişəm. Onlar həmişə güclü olublar. İlk dəfə idi ki, rinqdə üz-üzə gəlirdik. Amma mən onu tanıyırdım. Əsas odu ki, qalib gəldim.

 

- Qızıl medal qazanmaqla, həm də məsuliyyətinizi artırdız. Bundan sonrakı yarışlarda da sizdən birincilik gözləniləcək...

- Mən bu məsuliyyəti dərk edirəm. İnşallah, oktyabrda dünya çempionatı keçiriləcək. Orda yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmaq istəyirəm.

 

- Rio Olimpiadasında qızıl medal qazanacağınıza inanırsızmı?

 - Bu uğurumdan sonra artıq rəqiblər də mənimlə maraqlanırlar, haqda məlumat toplayırlar. Artıq hamı bilir ki, necə idmançıyam. Ümumiyyətlə, bütün idmançılar öz çəki dərəcəsində çıxış edən rəqiblərini tanıyırlar və başlayırlar ona uyğun hazırlaşmağa. Əvvəl mən rəqiblərimə uyğun hazırlaşırdım. Daha onlar mənə uyğun hazırlaşacaqlar. Mən də ikiqat məşq edəcəm. Rio Olimpiadasında qızıl medal qazanıb, himnimizi səsləndirməyə çalışacam.

 

- Boks yığmamız Avropa Oyunlarını 11 medalla başa vurdu. Bu nəticədən də artığına imza atmaq olardımı?

- Məncə, olardı. Sadəcə, zədələr mane oldu. Dəbilqəsiz döyüşdüyümüzə görə, bəzi idmançılar zədələndilər və bu səbəbdən istədikləri kimi çıxış edə bilmədilər. Məhəmmədrəsul Məcidov buna nümunədi.

 

- Belə çıxır ki, siz dəbilqəsiz döyüşməyin əleyhinəsiz...

- Əlbəttə ki. Dəbilqə ilə döyüşəndə idmançının zədə almaq ehtimalı azalır. O olmayanda isə zədədən qorunmaq çətinləşir.

 

Tengiz MƏMMƏDOV

0