[b]Azad Rəhimov: Təyyarəyə minən anda belə, zəng vurub təşəkkür edirlər[/b]
29.06.2015 - 15:40
[b]Azad Rəhimov: Təyyarəyə minən anda belə, zəng vurub təşəkkür edirlər[/b]

“Bağlanış mərasimi göstərdi ki, insanlarımızın ürəkləri sevinclə doludu, biz bütün dünyaya yaxınıq”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin (BAOƏK) baş icraçı-direktoru Azad Rəhimov deyib.

 

Gənclər və idman naziri Avropa Oyunlarının yekunu ilə bağlı bu gün “Hilton” oteldə keçirilən mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: “Bu müddət ərzində çox gözəl ifadə xatırlamaq istərdim. Xaricdən gələn mütəxəssislər bir söz işlədiblər. Bu, axırıncı, amma sonuncu konfrans deyil. Çünki gələcəkdə yenə böyük tədbirlərimiz olacaq. Media bu günlərdə bizimlə bir yerdə oldu. Bu möhtəşəm tədbiri geniş şəkildə işıqlandırdınız. Buna görə, sizə təşəkkür edirəm. Bu günlərdə Azərbaycanı, xalqı, idmanı sevən insanlar kövrəlirlər. Çünki son gündü. Minlərlə qonaqlar ölkəni tərk edir. Aeroportdan da zəng vurub, təşəkkür edirlər. Təyyarəyə minən anda belə, zəng vururlar. Bu, hamımızın əməyinin nəticəsidi. Bütün dünyaya Azərbaycanı gözəl ölkə kimi təqdim edə bildik. Bu, idmanın, ölkənin, xalqın böyük təntənəsi idi. Komandamız misilsiz nailiyyətlər qazandı. Mən gözləmirdim ki, komandamız bu Oyunlarda 56 medalla, 21 “qızıl”la ikinci yeri tutacaq. Ölkə prezidenti cənab İlham Əliyev bütün idmançıları, məşqçiləri təbrik etdi, onlara mükafatlar təqdim etdi. Ən böyük mükafat isə bizim liderimiz Mehriban xanım Əliyevanın təltif olunması idi. Cənab Saymon Kleq də "Dostluq" ordeni ilə təltif edildi. 17 gün ərzində hər gün medalla xalqımızı sevindirdik. Bakı sakinləri də bu səyləri yüksək qiymətləndirdilər. Bütün zallarımız yarışlar boyu tamaşaçılarla dolu oldu. Bu da bizi çox sevindirdi. Bütün Avropa Olimpiya Komitələri Bakıya inandılar və biz də o etimadı doğrultduq. Bu gün bayram bitir. Çox istərdik ki, Azərbaycan belə bayramları tez-tez yaşasın”.

 

Daha sonra nazir jurnalistlərin suallarını cavablandırıb.

 

- Qərb mətbuatı Azərbaycanın nailiyyətini bir çox ölkələrin əsas idmançılarla gəlməməsi ilə əlaqələndirdi. Bununla bağlı nə deyə bilərsiz?

- Su idman növlərində Azərbaycana güclü idmançı gəlməmişdi. Amma gənclər arasında dünya rekordu yeniləndi. Yəni, zəif idmançı dünya rekordu qıra bilməz. 16 idman növündən 12-si lisenziya xarakterli idi. Bu fürsətdən heç bir idmançı imtina etməz. 12 idman növündə ən güclülər gəlmişdi. 100-dən artıq Olimpiya və dünya çempionu bu Oyunlarda iştirak etdi. Təəssüf ki, Mingəçevirdə bir gümüş medal qazandıq. Amma həmin yarışda 21 dünya və Olimpiya çempionu iştirak edib. Bunu deyənlər bəlkə də, heç bir dəfə də yarışa baxmayıb. Bu yarışa baxan belə fikirdə olmaz. Bəzi qüvvələr bu Oyunların səviyyəsini alçaltmağa, boykot etməyə, saytlarımızı sındırmağa, açılış mərasimi zamanı saytı dağıtmağa çalışdılar. Normal insan belə şeylərə  cəhd etməz. O insanların başlarında çatmır ki, belə yollara əl atıblar.

 

- Azarkeşlərin I Avropa Oyunlarında marağını yetərli hesab edirsiniz?

- Bütün yarışlardakı tamaşaçı sayı göstərir ki, burda idmana maraq var. Bizdə yeni mədəniyyət əmələ gəlib. Tamaşaçılar bilet alırdılar. Bu da sevindirici haldı. Şəxsən mən bəzən yaxınlarıma bilet tapa bilmirdim.

 

- Hansı idman növündə uğurlu çıxış etdik?

- Ən yüksək nailiyyət güləş, boks və karatedə oldu. Badminton, kamandan oxatma, triatlonda çıxışı uğurlu sayıram. Gimnastikanı qeyd etmək istərdim.

 

- Könüllülərin köməyindən sonrakı yarışlarda necə istifadə etməyi planlaşdırırsınız?

- Könüllülər bizi çox sevindirdilər. Onlardan 5000-ə yaxını açılış və bağlanış mərasimində bizə kömək edib. Xaricdən gələn könüllülər də var idi. Bizdə 12 ildi Könüllülər Birliyi fəaliyyət göstərir. Biz onların layihələrini hər zaman dəstəkləyirik. Onları itirmək istəmirik. Onları cənab prezident də dəstəkləyir. Könüllülər üçün cənab prezident tərəfindən də mükafat təqdim olunacaq. İstəyirik onlarla gələcəkdə də birgə çalışacaq.

 

- Bu Oyunlar Azərbaycan idmanının gələcəyinə hansı töhfəni verəcək?

- Bu tədbiri Azərbaycanda keçirmək, azarkeşlik etmək valideynlərə və uşaqlara müsbət təsir edəcək. İnanırıq ki, bütün idman növlərinə maraq artacaq.

 

- Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və AOK-un Əlaqələndirmə Komitəsinin, eyni zamanda Bakı-2015 I Avropa Oyunlarının koordinasiya sədri Spiros Kapralos bildirdilər ki, 2024-cü ildə Olimpiya Oyunları Azərbaycanda baş tuta bilər. Ölkəmiz bununla bağlı namizədliyini irəli sürəcək?

- Bu təklifi dövlət başçısı irəli sürməlidi. Bunu mən təklif edə bilmərəm. Biz işimizi aparırıq. İndi baxırıq ki, hansı qurğular gələcəkdə böyük tədbirlər üçün yararlıdı.

 

- Ölkənin bu Oyunlardan gəlirləri nə qədər oldu?

- Bizdə büdcənin 3 maddəsi var: bilet satışı, sponsor pulu və yayım hüquqlarının satışı. Təxmini 15-17 milyon vəsait hesabda toplanıb.

 

0