[b]Bakı-2015: “Neftçi İdman Klubu” hamıdan öndə[/b]
30.06.2015 - 16:36
[b]Bakı-2015: “Neftçi İdman Klubu” hamıdan öndə[/b]

Bakı-2015 Avropa Oyunlarında ən çox medal qazanan klubun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) qeyri-komanda hesabında ikinci olmasına ən böyük töhfəni “Neftçi İdman klubu” verib.

 

Onlar bu mükafatlardan 16-na (6 qızıl, 5 gümüş, 5 bürünc) yiyələniblər. Klubun idmançılarından Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçün güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (paracüdo) fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı halda, Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (paracüdo) gümüş, Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (paracüdo) bürünc medala sahib olublar.


Təbii ki, klubun idmançılarının bu uğuru qazanmasında azarkeşlərin, onlara dəstək olanların da böyük payı var. "Neftçi İdman Klubu"nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov və əmək kollektivi bu günlər ərzində idmançılarımızın yarışlarını müxtəlif arenalarda mütəmadi olaraq canlı izləyib, onlara dəstək olub və qələbəyə ruhlandırıblar.

 

Qeyd edək ki, iyunun 12-dən 28-dək davam edən yarışlarda 50 ölkəni təmsil edən 6000-dən çox idmançı 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparıblar. Azərbaycan komandası Rusiya istisna olmaqla, Avropanın bütün nəhəng ölkələrini qabaqlayaraq ümumi komanda hesabında 2-ci yeri tutub. 

0