Bakının rəqibi Olimpiadalar tarixində yenilik etmək istəyir
21.02.2012 - 13:39
Bakının rəqibi Olimpiadalar tarixində yenilik etmək istəyir
Bakının 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddia edən rəqiblərindən olan Doha turnirin tarixində görünməmiş hadisəni reallaşdırmaq arzusuna düşüb. Apasport.az saytının məlumatına görə, asiyalılar yayda keçirilən Olimpiadanı payızda təşkil etmək fikrindədirlər.

Artıq tarixlər də açıqlanıb. Belə ki, qətərlilər möhtəşəm yarışı oktyabrın 2-18-də, Paralimpiadanı isə noyabrın 4-15-də keçirmək istəyirlər.

Qətər Olimpiya Komitəsinin baş katibi Şeyx Səid ibn Əbdülrəhman Əl-Tani bildirib ki, onlar üçün bu fəsil Olimpiadanı təşkil etmək baxımından daha münasibdir: “Oktyabrda Dohada hava iyul və avqustdakı kimi olmur. Elə fikirləşmirəm ki, bu ayda isti hansısa problem yaradacaq”.

Maraqlıdır ki, 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Doha mundialı da qışda keçirmək iddiasını ortaya qoymuşdu. Lakin bu gerçəkləşmədiyindən, onlar stadionları kondisionerlərlə sərinləşdirəcəklərini bəyan ediblər.

Əl-Taninin sözlərinə görə, idman obyektlərinin 91 faizi artıq tikilib: “Bizim Olimpiada üçün büdcəmiz 73 milyon ABŞ dollarıdır. İnfrastruktur isə demək olar hazırdır. Qalan 9 faiz də yaxın illərdə öz həllini tapacaq”.

Qeyd edək ki, Bakı ilə yanaşı, Doha Olimiada-2016-cı ildə də ev sahibliyi ilə bağlı namizədliyini vermişdi.
0