Jak Roqq: Bakı 2020-ci il olimpiadasına güclü namizəddir
16.02.2012 - 11:38
Jak Roqq: Bakı 2020-ci il olimpiadasına güclü namizəddir
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqq 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Romanın iddiasını son anda geri götürməsini təəssüf hissi ilə qarşılayan BOK rəhbəri bildirib ki, italiyalıların geri çəkilməsi onun üçün də gözlənilməz olub.

Ancaq BOK prezidentinə Madrid, Tokio, İstanbul, Doha və Bakının iddiasını saxlaması təsəlli verir: “Bizim 2020-ci il olimpiadasına 5 güclü namizədimiz var. Mən bununla təskinlik tapıram”.

Roqq mayın 23-də Kanadanın Kvebek şəhərində baş tutacaq İcraiyyə Komitəsinin iclasında bu şəhərlərin hamısının mərhələ adlayıb, namizədlər siyahısına daxil olacağına dair suala konkret cavab verməyib: “Mənim məktəbdə jurnalistikadan öyrəndiyim ilk şey hipotetik suallardan yayınmaq olub”.

Buna səbəb isə 2013-cü ilin sentyabrında Roqqun prezidentlik müddəti bitir. Onun yenidən rəhbər seçilmək şansı olmadığından BOK prezidentliyinə gələcək xələfinə öz məsləhətlərini də verib: “Qulaq asmağı və susmağı öyrənin”.

Qeyd edək ki, Olimpiada-2020-nin qalibi olacaq şəhərin də adı məhz 2013-cü il sentyabrın 7-də açıqlanacaq.

0