Mundiala seks qalmaqalı ilə yollanan üçrənglilər
06.05.2010 - 23:01
Mundiala seks qalmaqalı ilə yollanan üçrənglilər
CAR-da keçiriləcək dünya çempionatının startına 35 gün qalıb. Apasport.az saytı mundial iştirakçılarının təqdimatını Fransa yığması ilə davam etdirir.

Dosye
Federasiya: Federation Francaise de Football (Fransa Futbol Federasiyası)
Federasiya prezidenti: Jan-Pyer Eskalet
Federasiyanın yaranma tarixi: 1919

1904-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Ləqəbi: Üçrənglilər
Rəngləri: göy və qırmızı
Baş məşqçi: Raymond Domenek
Tarixinin ilk oyunu: Belçika 3:3 (1904-cü il)
Yığmada ən çox oyun keçirənlər: Lilian Türam (142), Tyeri Anri (117), Marsel Desayi (116)
Yığmada ən çox qol vuranlar: Tyeri Anri (51), Mişel Platini (41), David Trezeqe (34)
Əfsanələr: Mişel Platini, Zinəddin Zidan, Tyeri Anri, Silven Viltord, Vinsent Lizarazyu, Marsel Desayi, Yuri Corkayeff, Patrik Vieyra, Lilian Türam, Didye Deşam, Jan-Pyer Papen, Erik Kantona, Jüst Fonten, Alen Jiress, Fabyen Bartez, Rober Pires, Frank Riberi…

Nailiyyətləri
Üçrənglilərin uğurları müəyyən dövrlərdə çıxış etmiş ulduzların adları ilə bağlı olub. Ötən əsrin sonlarında tarixinin ən yüksək səviyyəsinə yüksələn fransalılar məhz Zidanın oynadığı dövrdə fantastik nəticələr göstərdi. 1998-ci ildə dünya çempionu, 8 il sonra gümüş mükafatçı olan yığma 2000-ci ildə qitə çempionu adını da qazandı. Uğurlarına görə ikinci olan futbolçular nəsli isə Mişel Platininin dövrünə təsadüf edib. İndiki UEFA prezidentinin oynadığı vaxtlar üçrənglilər mundialda iki bürünc (1982, 1986), 1984-cü ilin Avropa çempionatı və Olimpiya Oyunlarında qızıl medal qazanıb. 1958-ci ildə əldə olunan dünya çempionatının bürüncü isə bir turnirdə 13 qol vurmaqla rekorda imza atan Fontenin adı ilə bağlıdır.

Bundan başqa Fransa yığması 1930, 1934, 1938, 1954, 1966, 1978, 2002-ci illərdə də mundialın, 1960, 1992, 1996, 2004-cü illərdə Avropa çempionatının final mərhələsində oynayıb.

DÇ yolunda
Domenekin yetirmələri mundialın seçmə mərhələsində Serbiya (2:1, 1:1), Farer adaları (1:0, 5:0), Rumıniya (2:2, 1:1), Avstriya (1:3, 3:1) və Litva (1:0, 1:0) ilə mübarizə aparırdı. Avstriya məğlubiyyəti ilə yarışa başlayan üçrənglilər əsas rəqibləri sayılan Serbiyanı məğlub etməklə, azarkeşləri önündə günahlarını yumağı bacardı. Lakin öz meydanında Litvaya 0:3 hesabı ilə uduzan rumıniyalılar Domenekin başını ağrıtdı. Artıq 17-ci dəqiqəyədək 2 cavabsız qol buraxan Fransa millisi bir xalı da güc-bəla ilə qazandı.

Startda hamını təəccübləndirən Litva ilə ardıcıl qarşılaşmalarda isə Domeneki iki dəqiqə zərbə xilas etdi. Hər iki halda, Riberi komandasına qələbə qazandırdı. Farer adalarındakı görüşdə də Frank yığmasını biabırçılıqdan vurduğu qolla xilas etdi. Növbəti matçda isə rumınlar rəqibinə növbəti zərbəni vurdu. Öz meydanında da 2 xal itirən Domenekin yetirmələri qrup qalibi olmaq üçün Serbiyanı səfərdə məğlub etməli idi. Lakin həlledici oyun “sülh”lə bitdi. Son iki matçda – Farer adaları və Avstriya ilə ev oyunlarında əldə olunan inamlı qələbələr yalnız pley-offa vəsiqə verdi.

“Tanrının ikinci əli”
Pley-offun İrlandiya ilə oyunlarında favorit sayılan Riberi və komandası səfərdə qazandığı 1:0 hesablı qələbə ilə CAR-a bir addım da yaxınlaşdı. Lakin təslim olmayan irlandiyalılar Parisdəki görüşün əsas vaxtında məğlubiyyətin əvəzini çıxa bildi. Əlavə vaxtda isə Qallasın məşhur qolu qalmaqalla nəticələndi. Oyundankənar vəziyyətdə olan Anrinin əllə topu saxlayıb ötürmə verməsindən sonra hakim də bu qolu qeydə aldı. Martin Hanssonun bu səhvi Fransa prezidenti Nikola Sarkozinin rəsmən İrlandiya baş nazirindən üzr istəməyinə də səbəb oldu. Amma 1986-cı ilin mundialında əli ilə qol vuran Dieqo Maradonanın dili ilə desək, “tanrı əli” işini görmüşdü.

Fransa yığması: Domenekin ulduz toplusu
Domenekin sərəncamında olan yüksək səviyyəli futbolçuların sayına istənilən yığmanın baş məşqçisi həsəd apara bilər. Dünya səviyyəli ulduzların çoxluğu bəzən mütəxəssisin özünə də ideal seçim etməkdə, bu topluya rəhbərlik etməyə çətinlik yaradır. Məhz bu amil də komandanın qeyri-stabilliyini əsaslandırır. Fransa millisində aşkar balans pozuntusu hiss olunur. Bu heç də 1998-2000-ci illərdəki möhtəşəm komanda deyil. Domenekin vaxtında demək olar ki, komanda oyunu ümumiyyətlə yoxdur. Müdafiədən hücuma sürətlə keçmək də müşahidə olunmur. Fransızlar nə edirsə, bu da ayrı-ayrı oyunçuların fərdi ustalığı sayəsində mümkün olur.

Üçrənglilər əsasən 4-5-1-ə üstünlük verir ki, dayaq yarımmüdafiəçilərindən biri sırf dağıdıcı, digəri yaradıcı işi görməlidir. Üç oyun qurucusundan ikisi isə sırf cinah oyunçusu – vingerlərdir. Böyük oyunçu seçimində Domenek yalnız müdafiə xətti üçün baş sındırmamalı olur. Çünki arxa xətdəki “dördlük”dən üçünün yeri adətən dəyişməz qalır. Sağda Bakari Sanya, solda Patris Evra, mərkəzdə Vilyam Qallas qərarlaşırsa, sonuncu ilə yanaşı oynayan futbolçu adını heç kim özəlləşdirə bilməyib. İkinci mərkəz müdafiəçisi kimi hər dəfə bir oyunçuya güvənən mütəxəssis orta sahədə taktikanı dəyişməz saxlayır.

Dağıdıcı dayaq yarımmüdafiəçisi kimi Tulalan – Lassna Diarra cütünə növbə ilə şans verən Domenek lazım gələn anda bu oyunçunu ikinci hücumçu və ya ehtiyac olan mövqedəki futbolçu ilə də əvəzləməkdən çəkinmir. Oyun qurucusu kimi “Bordo”lu Qurkyuffa bel bağlayan mütəxəssis Anrini onun üçün yad olan sol vinger kimi oynatmağı lazım bilir. Riberi və Maluda kimi cinah oyunçularının olduğu halda, Tyeriyə belə işin tapşırılması həmin yarımmüdafiəçilərin bəzən ideal formadan uzaq olması ilə bağlıdır.

Sırf hücumçu kimi oynamağa isə Anrinin rəqibləri yetərincədir. Benzema, Anelka, Jinyak kimi futbolçuların heç biri bu mövqedə yerini möhkəmlədə bilməyib. Domenek hələ də qol ümidi kimi onlardan hansına baxacağını müəyyənləşdirməyib.

Fransa üçün ənənəvi qapıçı çoxluğu problemi yenə mövcuddur. Lakin CAR-da “bir nömrə” olmağa əsas namizəd seçmə mərhələnin gedişində Stiv Mandanqanı heyətdən sıxışdıran Uqo Loris sayılır.

Seks qalmaqalı
Əslən mərakeşli olan 18 yaşlı fahişə Zehira Deharın Fransa yığmasına vurduğu psixoloji zərbə CAR-da da özünü göstərə bilər. Onunla cinsi əlaqədə olduğu üçün istintaqa cəlb olunan yığma üzvləri Riberi, Qovu və Benzemanın mundialdan sonra klublarına, yoxsa həbsxanaya gedəcəyini bilmədiyindən, Afrikada hansı əhval-ruhiyyədə olacaqları haqda fikir yürütmək çətindir. İstənilən halda, 18 yaşı olmamış tanınmış futbolçularla cinsi əlaqədə olduğu üçün məşhurlaşan gözəlçənin əməllərinin nəticəsi mundialda özünü hər hansı şəkildə göstərəcək.

Oyunlarının təqvimi
11.06.2010 Uruqvay
17.06.2010 Meksika
22.06.2010 CAR

Mundial iştirakçısı və biz: Oser faciəsi
Fransa milli komandası Azərbaycan yığması ilə nəinki qarşılaşıb, hətta futbol tariximizə əbədi ləkə də vurub. Avro-1996-nın seçmə mərhələsində beynəlxalq arenaya qədəm basan yığmamız Türkiyənin Trabzon şəhərindəki ev oyununda rəqibinə 0:2 hesabı ilə uduzsa da, Fransada biabır olmuşdu. Oserdəki matçda Zidan və yoldaşları 10:0 hesabı ilə qalib gəlib.

Bundan başqa U-21 Avro-96-nın (0:5, 0:5), U-19 (0:3) və U-17 (2:0) Avro-2005-in seçmə mərhələlərində üçrənglilərlə qarşılaşıb. Avrokuboklarda isə “Qarabağ” “Monpelye”dən 9 qol buraxıb – 0:3, 0:6.

Azərbaycanlı futbolçular Fransa, fransızlar ölkəmizdə çıxış etməyib. Lakin bu ölkənin vətəndaşlığını daşıyanlar klublarımızda çıxış edib. Əslən qanalı olan Edmond N’Tiamoa “Xəzər-Lənkəran”la Azərbaycan çempionu və kubokunu qazanmışdı. Cari mövsüm “Olimpik-Şüvəlan”da oynamış türk əsilli Ender Günlü də Fransa pasportu ilə qeydiyyatdan keçib.

Apasport.az-ın proqnozu: 1/4 final

Vüqar XEYRULLAYEV
0