[b]Qəbələdə kubok savaşı[/b]
27.05.2018 - 14:51
[b]Qəbələdə kubok savaşı[/b]

Sabah Azərbaycan futbolunda 2017/18 mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, mövsümün son qarşılaşması Azərbaycan kubokunun finalı olacaq.

 

Respublika gününə, 100 illik yubileyə təsadüf edən matç Qəbələ şəhər stadionunda baş tutacaq. Bu arena 2-ci dəfə finala ev sahibliyi edəcək. Nominal meydan sahibi olacaq “Keşlə” “Qəbələ” ilə üz-üzə gələcək.

 

Bu, finalların uğursuzlarının ilk kubok uğrunda döyüşü olacaq. Bunadək 4 dəfə həlledici qarşılaşmada oynayan “Keşlə” qazandığı çempionluqlara daha bir titul əlavə etməyə, “İnter” adından imtina edəndən sonra ilk uğurunu rəsmiləşdirməyə çalışacaq.

 

Tarixində heç bir böyük titulu olmayan “Qəbələ” isə doğma stadionda ilki rəsmiləşdirmək əzmindədi. İki dəfə finalda uduzan “qırmızı-qaralar” ötən il də bacarmadıqlarını gerçəkləşdirməyə köklənib.

 

Finalların uğursuzlarının qarşıdurması ukraynalı mütəxəssislərin dueli ilə də əlamətdar olacaq. “Keşlə”nin başına qışda keçən Yuri Maksimov,  özündən 3 il əvvəl Azərbaycana gələn Roman Qriqorçukla növbəti dəfə üz-üzə gələcək. Premyer Liqada iki dəfə sülhə imza atan ukraynalılar bu dəfə mütləq qalibi müəyyənləşdirməlidi.

 

Çünki kubok əlavə vaxt, hətta penaltilərlə olsa da, sahibini tapmalıdı. Bu kubokun dəyəri həm də Avropa Liqasına bərabər ola bilər. Bu, yalnız “Keşlə”yə aiddi. Bakılılar Avropaya yollanmaq üçün mütləq titul əldə etməlidi.

 

“Qəbələ” isə artıq avrokuboklara vəsiqəni təmin edib. Qriqorçukun komandası qalib gəlsə, “Keşlə”nin Avropa Liqasına yolunu bağlayacaq. Belə olan halda qitənin ikinci dərəcəli klub turnirindəki son təmsilçimiz “Zirə” olacaq.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı matç saat 20:00-da başlayacaq.

 

Azərbaycan Kuboku

Final
28 may (bazar ertəsi)
20:00. “Keşlə” – “Qəbələ”
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

0