Torres mundiala getsə də, ilk oyunu buraxacaq
05.05.2010 - 14:14
Torres mundiala getsə də, ilk oyunu buraxacaq
İspaniya yığmasının hücumçusu Fernando Torres DÇ-2010-un final mərhələsinin ilk oyununu buraxmaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, zədə üzündən oynamayan “Liverpul” klubunun 26 yaşlı futbolçusunun mundialda iştirakının sual altında olması böyük müzakirələrə səbəb olub.

“Liverpul”un tibb xidmətinin rəhbəri Peter Brukner bildirib ki, Torres Cənubi Afrika Respublikasına getsə belə, çox güman, ilk oyunu buraxacaq: “Torresin ilk oyunda iştirakına indi əmin olmaq qeyri-mümkündür. Onun bərpa prosesi yaxşı templə gedir. Fernandonun özü də zədənin fəsadlarını imkan daxilində tez aşmaq üçün alışıb yanır. Ancaq biz hadisələri sürətləndirmək istəmirik. Torres də yaxşı başa düşür ki, ayağını lazımı tərzdə və uzun perspektiv üçün sağaltmalıdır. Ancaq digər tərəfdən, Fernando mundilada oynamaq istəyi çox böyükdür”.

Qeyd edək ki, ispanlar final mərhələsində ilk oyununu iyunun 16-da İsveçrə yığması ilə keçirəcək.
0