[b]DÇ-2018: “Argentinanı dəstəkləyib, Ronaldoya azarkeşlik edəcəm” [/b]
14.06.2018 - 12:33
[b]DÇ-2018: “Argentinanı dəstəkləyib, Ronaldoya azarkeşlik edəcəm”

[/b]

Bu gün Rusiyada dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, mundial yalnız futbolsevərlərin deyil, digər idman növlərində də çalışan mütəxəssislərin də diqqət mərkəzindədi.

 

Əlaqə saxladığımız voleybol dünyasının üzvləri də azarkeşlik edəcəklər və favorit gördükləri komandaların adlarını açıqlayıblar.

 

“Azərreyl”in baş məşqçisi Famil Ağayev dünya çempionatını izləyəcəyini deyib. Azərbaycan çempionu Portuqaliyaya azarkeşlik edəcək: “Onlar 2 il öncə Avropanın ən güclüsü olduğunu sübut etdilər. Fikrimcə, bu yarışda da lazımı nəticəni göstərmək gücündədilər. Komandaya da Kristiano Ronaldoya görə azarkeşlik edirəm. Avro-2016-nın finalında zədələnib çıxdı. Amma bu dəfə belə olmayacağına ümid edirəm. Onunla yanaşı, komandadakı digər futbolçulara da böyük simpatiyam var”.

 

Ağayev mundailda Braziliyanı da şanslı saydığını açıqlayıb. Onun sözlərinə görə pentakampeonlar titullarının sayını artırması istisna deyil.

 

“Sərhədçi”nin baş məşqçisi Ziya Rəcəbov isə azarkeşlik etdiyi Hollandiyanın mundialdan kənar qalmasını təəssüfünü gözlətməyib. O bildirib ki, “narıncılar”ın Rusiyada oynamaması səbəbindən Argentinanı dəstəkləyəcək: “Demək olar ki, bütün oyunlara baxacam. Mundialda və Avropa çempionatında həmişə Hollandiyaya azarkeşlik etmişəm. Lakin bu dəfə onlar olmayacaqlar. Onlar dünya çempionatında iştirak etdikdə də bəxtsizliklə üzləşirlər. Bu dəfə isə Argentinanın çempion olmasını istəyirəm. Çünki hollandlarla yanaşı, onlar komanda oyunu nümayiş etdirirlər. Təəssüf ki, Argentinanın da bəxtlə bağlı problemi var. Lakin ümid edirəm ki, bu dəfə özlərini yaxşı tərəfdən göstərəcəklər”.

 

Azərbaycan çempionatının mükafatçısı pərəstiş etdiyi futbolçunun mundiala aparılmamasına da üzüldüyünü qeyd edib. Onun sözlərinə görə, Zlatan İbrahimoviç İsveç yığmasına əlavə güc verə bilərdi: “Onun da dünya çempionatından kənar qalması səbəbindən Kriştianu Ronaldonun oyununu diqqətdə saxlayacam. Komanda kimi Argentinaya azarkeşlik etməyimə baxmayaraq, Lionel Messiyə deyil, məhz onun uğuruna sevinəcəm. Mənə görə super futbolçudu.

 

Rəcəbov Argentinanın finala yüksələcəyinə də inam ifadə edib. O bildirib ki, bu komandanın həlledici oyunda rəqibi Meksika və ya Braziliya olacaq.

 

“Azərreyl”lə Super Liqanın qızıl medalını qazanan Nərmin Fərəcova da baş məşqçisi Famil Ağayev kimi, Portuqaliyanın çempionluğunu istəyir: “Klub kimi “Qalatasaray” və Madrid “Real”ının azarkeşi olsam da, yığmalarda Portuqaliyanı dəstəkləyirəm. Bu komandada Kriştianu Ronaldo və Pepenin oyununu çox bəyənirəm. İstəyirəm  ki, çempion məhz mənim komandam olsun”.

 

19 yaşlı libero Portuqaliyaya əsas rəqib kimi 3 yığmanı görür: “Qrupda rəqiblərimiz İspaniya, Mərakeş və İrandı. Bunlardan birincilərlə oyun çox çətin olacaq. Növbəti mərhələlərdə əsas rəqib isə Almaniya və Argentinanı görürəm. Amma Braziliyanı da unutmaq olmaz. Pentakampeonlar digərləri ilə müqayisədə birinciliyə bəlkə də 80 faiz şanslıdılar”.

 

Qeyd edək ki, bu gün başlayacaq dünya çempionatı iyulun 15-də bitəcək.

 

 

 

 

0