24 May 17:35 DÇ-2018: Avstraliya yığması - DOSYE
DÇ-2018 xəbərləri 24 May 17:35
382 baxış

DÇ-2018: Avstraliya yığması - DOSYE

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 21 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Avstraliya yığması haqqındadı.

 

Avstraliya DÇ-2018-ə vəsiqə qazanmaq üçün ümumilikdə 22 oyun keçirib. Tarixdə bir təsnifat mərhələsi daxilində bu qədər çox matç keçirən komandaya rast gəlinməyib. 11 müxtəlif rəqiblə qarşılaşan “yaşıl qitə” təmsilçiləri 250 min km məsafə qət ediblər. Cəmi 2 dəfə məğlub olsalar da, heç-heçələrin çoxluğu avstraliyalı futbolçuların işlərini çətinə salmışdı. Sonda Sidneydə 80 min azarkeşin önündə Hondurasa qarşı qazanılan 3:1 hesablı qələbə ardıcıl 4-cü dəfə mundiala vəsiqə anlamına gəlirdi.

 

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

 

2017-ci il, mart

Baş məşqçi Angelos Postekoqlunun ilk dəfə üçlü müdafiədən istifadə etməsi fonunda İraqla görüşdə qeydə alınan 1:1 hesablı bərabərlik o qədər də ürəkaçan deyildi.

 

2017-ci il, sentyabr

Taylandla görüşdə qapıya 44 zərbə endirən Avstraliya buna rəğmən, sonda minimal hesablı qələbəyə - 2:1 – sevindi. Ancaq Səudiyyə Ərəbistanının Yaponiyanı məğlub etməsi nəticəsində “yaşıl qitə” təmsilçiləri qruplarını üçüncü sırada tamamlayaraq, Suriya ilə ilkin pley-off oynamaq haqqı əldə etdilər.

 

2017-ci il, oktyabr

Avstraliyanın Suriyanı mübarizədən kənarlaşdırmasına baxmayaraq, “Herald Sun”da baş məşqçi Angelas Postekoqlunun Hondurasla oynanılacaq ikinci pley-off matçlarının nəticəsindən asılı olmayaraq, postunu tərk edəcəyi barədə məlumat yayılır.

 

2017-ci il, noyabr

Avstraliya iki oyunun ümumi nəticəsinə görə, Hondurası 3:1 hesabı ilə üstələyərək, ardıcıl dördüncü dəfə dünya çempionatına vəsiqə qazanır.

 

Dünya çempionatına hazırlıq

Mundiala hazırlıq məqsədilə iki yoldaşlıq görüşü planlaşdıran Avstraliya yığması onlardan ilkində Norveçə 1:4 hesabı ilə məğlub olubsa, Kolumbiya ilə oynanılan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

 

Dünya çempionatında

Avstraliya millisi dünya çempionatında Fransa, Danimarka və Peru yığmaları ilə birlikdə C qrupunda mübarizə aparacaq. Bert van Marveykin yetirmələri mundialdakı ilk matçlarını qrupun favoriti Fransaya qarşı keçirəcəklər. İkinci turda Avstraliya Danimarka ilə üz-üzə gələcək. Nəhayət, “yaşıl qitə” təmsilçilərinin qrup mərhələsindəki sonuncu rəqibi Peru olacaq.

 

Ulduz

Tim Keyhill: 38 yaş (06.12.1979)

Deyəsən, Keyhillin yaş artdıqca performansı daha da artırır. Onun təsnifat mərhələsi çərçivəsində vurduğu 11 qolu başqa cür necə izah edə bilərik ki? DÇ-2014-ün əfsanəvi qollarından birinin altında imzası olan Keyhill Rusiyada da fərqlənəcəyi təqdirdə, 4 dünya çempionatında qol vuran azsaylı futbolçulardan biri olacaq.

 

Baş məşqçi

Bert van Marveyk: 66 yaş (19.05.1952)

Bert van Marveyk 2018-ci ilin 24 yanvarında Avstraliya yığmasının baş məşqçisi təyin olunub. O, bu postda Angelos Postekoqlunu əvəzləyib. 66 yaşlı mütəxəssisin rəhbərliyi altında Hollandiya yığması 2010-cu ildə dünya çempionatının finalına qədər irəliləmişdi. Həmçinin, Marveyk Səudiyyə Ərəbistanın 12 illik mundial həsrətini bitirərək, “yaşıllar”ın DÇ-2018-ə vəsiqə qazanmasına yardımçı olmuşdu.

 

Avstraliya

FİFA sıralaması: 40-cı yer

Dünya çempionatlarında iştirak sayı: 4 (1974, 2006, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 13 (2 qələbə, 3 heç-heçə, 8 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 11-26

Ən yaxşı nəticə: 1/8 final (2006)

Dünya çempionatlarında ən çox oyun keçirən avstraliyalı futbolçu: Mark Breşiano – 9 oyun (2006, 2010, 2014)

Dünya çempionatlarında ən çox qol vuran avstraliyalı futbolçu: Tim Keyhill – 5 qol (2006 (2), 2010 (1), 2014 (2) )

 

Dünya çempionatı

Qrup mərhələsi

C qrupu

16 iyun

14:00. Fransa – Avstraliya

“Kazan Arena”, Kazan

 

21 iyun

16:00. Danimarka – Avstraliya

“Samara Arena”, Samara

 

26 iyun

18:00. Avstraliya – Peru

“Fişt” stadionu, Soçi

 

İştirak ərizəsi

Qapıçılar: Mettyu Rayan (“Brayton”), Denni Vukoviç (“Qenk”), Bred Cons (“Feyenoord”);

 

Müdafiəçilər: Trent Seynsberi (“Qrasshoper”), Aziz Behiç (“Bursaspor”), Miloş Deqenek (“Yokohama”), Mettyu Yurman (“Suvon”), Ceyms Meredit (“Miluoll”), Coş Risdon (“Vestern Sidney”), Fran Karaçiç (“Lokomotiv”);

 

Yarımmüdafiəçilər: Mayl Yedinak (“Aston Villa”), Cekson İrvayn (“Hall”), Mark Milliqan (“Əl-Əhli”), Tom Roqiç (“Seltik”), Ceyms Troysi (“Melburn Siti”), Massimo Luonqo (KPR), Aaron Muy (“Haddersfild”), Coşua Brillante (“Sidney”), Dimitri Petratos (“Nyukasl Jets”), Daniel Arzani (“Melburn”);

 

Hücumçular: Tim Keyhill (“Miluoll”), Robbi Kruz (“Bohum”), Tomi Yuriç (“Lüçern”), Mettyu Lekki (“Herta”), Endru Nabbut (“Urava”), Nikita Rukaviça (“Makkabi H”).

Xəbər lenti