15 May 17:40 DÇ-2018: Fransa yığması - DOSYE
DÇ-2018 xəbərləri 15 May 17:40
3852 baxış

DÇ-2018: Fransa yığması - DOSYE

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 30 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Fransa yığması haqqındadı.

 

Fransa Avropa zonası üzrə təsnifat mərhələsində A qrupunu lider kimi tamamlayaraq, mundiala vəsiqəni təmin edib. Ancaq birincilik onlara heç də asan başa gəlmədi. İsveç millisi sona qədər “xoruzlar”ı izlədi. Təsadüfi deyil ki, Didye Deşamın yetirmələri ancaq son turda Belarusu 2:1 hesabı ilə məğlub edərək, Rusiyaya “bilet”i təmin etdilər.

 

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

 

2016-cı il, oktyabr

Belarusla görüşdə qeydə alınan qolsuz bərabərlik Bolqarıstan üzərində qazanılan 4:1 hesablı qələbə ilə yaddaşlardan silindi.

 

2017-ci il, iyun

Solnada İsveçlə oynanılan görüş daha çox Uqo Lyorisin son dəqiqələrdə etdiyi səhv və Ula Toyvonenin mərkəz dairədən vurduğu qolla yaddaşlarda özünə yer edib. Günün qazananı İsveç idi – 1:2.

 

2017-ci il, avqust

Hollandiya ilə oyun (4:0) - Toma Lemar dubl edir, Kilian Mbappe yığmadakı ilk qoluna imza atır. İsveçin Bolqarıstana 2:3 hesabı ilə uduzması isə Fransanı qrup lideri edir.

 

2017-ci il, oktyabr

Antuan Qrizmann və Olivye Jirunun ilk hissədə vurduğu qollar Fransanın Belarusu 2:1 hesabı ilə məğlub edərək, dünya çempionatına birbaşa vəsiqə qazanmasına kifayət edir.

 

Dünya çempionatına hazırlıq

 

Fransa millisi mundiala hazırlıq məqsədilə 5 yoldaşlıq görüşü planlaşdırıb. “Xoruzlar” üçün artıq həmin oyunlardan ikisi geridə qalıb. Didye Deşamın yetirmələri Kolumbiyaya uduzsalar da (2:3), Rusiyanı məğlub edə biliblər – 3:1. Fransa mayın 28-də İrlandiya ilə, iyunun 1-də İtaliya ilə, iyunun 9-da isə ABŞ yığması ilə qarşılaşacaq.

 

Dünya çempionatında

 

Fransa Avstraliya, Danimarka və Peru yığma komandaları ilə birlikdə C qrupunda mübarizə aparacaq. "Xoruzlar" ilk oyunda Avstraliya ilə üz-üzə gələcək. Daha sonra Deşamın yetirmələri Peru, ardınca isə Danimarka ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Baş məşqçi

 

Didye Deşam: 49 yaş (15.10.1968)

 

Avro-2012-dən sonra Loran Blandan boşalan baş məşqçi postuna Didye Deşam gətirilmişdi. İlk müavilə iki il müddətinə nəzərdə tutulmuşdu. Daha sonra Deşamla iki dəfə müqavilə yeniləndi. Sonuncu dəfə - 2017-ci ilin 31 oktyabrında tərəflər arasında əldə olunan razılığa əsasən, 49 yaşlı mütəxəssis 2020-ci ilə qədər millini çalışdıracaq. Didye Deşam “Monako” ilə liqa kubokunu qazanmaqla yanaşı, UEFA Çempionlar Liqasında final oynayıb. Onun “Marsel”i bir dəfə Fransa Liqa 1, üç dəfə liqa kubokunun qalibi olub. Bundan əlavə, Deşamın rəhbərliyi altında Fransa millisi Avro-2016-da finalda Portuqaliyaya məğlub olaraq, gümüş medal qazanıb.

 

Fransa

FİFA sıralaması: 7-ci yer

Dünya çempionatlarında iştirak sayı: 14 (1930, 1934, 1938, 1954, 1958, 1966, 1978, 1982, 1986, 1998, 2002, 2006, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 59 (28 qələbə, 12 heç-heçə, 19 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 106-71

Ən yaxşı nəticə: Çempionluq (1998)

Dünya çempionatlarında ən çox oyun keçirən fransız futbolçular: Fabyen Bartez (1998, 2002, 2006) və Tyerri Anri (1998, 2002, 2006, 2010) – 17 oyun

Dünya çempionatlarında ən çox qol vuran fransız futbolçu: Jüst Fonten – 13 qol (1958)

 

Dünya çempionatı

Qrup mərhələsi

C qrupu

16 iyun

14:00. Fransa – Avstraliya

“Kazan Arena”, Kazan

 

21 iyun

20:00. Fransa – Peru

“Yekaterinburq Arena”, Yektaerinburq

 

26 iyun

18:00. Danimarka – Fransa

“Lujniki”, Moskva

 

Təxmin olunan iştirak ərizəsi

 

Qapıçılar: Alfons Areolya (PSJ), Uqo Lyoris (“Tottenhem”), Stiv Mandanda (“Marsel”);

 

Müdafiəçilər: Luka Din, Samuel Umtiti (hər ikisi “Barselona”), Presnel Kimpembe (PSJ), Benjamen Mendi (“Mançester Siti”), Cibril Sidibe (“Monako”), Rafael Varan (“Real”), Benjamen Pavar (“Ştutqart”);

 

Yarımmüdafiəçilər: N’Qolo Kante (“Çelsi”), Toma Lemar (“Monako”), Blez Matyuidi (“Yuventus”), Adrian Rabyo (PSJ), Korenten Tolisso (“Bavariya”), Pol Poqba (“Mançester Yunayted”);

 

Hücumçular: Kilian Mbappe (PSJ), Vissam Ben Yedder (“Sevilya”), Usman Dembele (“Barselona”), Olivye Jiru (“Çelsi”), Antuan Qrizmann (“Atletiko”), Floryan Toven (“Marsel”).

Xəbər lenti