[b]DÇ-2018: Kolumbiya - DOSYE[/b]
07.06.2018 - 17:26
[b]DÇ-2018: Kolumbiya - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 7 gün qalır. Növbəti dosye Kolumbiya millisi haqqındadı.

Kolumbiya

FIFA sıralaması: 16-cı yer

Dünya çempionatlarında iştirak sayı: 5 (1962, 1990, 1994, 1998, 2014)

Dünya çempionatlarında oyun sayı: 18 (7 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 26-27

Ən yaxşı nəticə: 1/4 final (2014)

Dünya çempionatlarında ən çox oyun keçirən kolumbiyalı futbolçular: Freddi Rinkon (1990, 1994, 1998), Karlos Valderrama (1990, 1994, 1998) – hər ikisi 10 oyun

Dünya çempionatlarında ən çox qol vuran kolumbiyalı futbolçu: Hames Rodriges – 6 qol (2014)

Baş məşqçi

Xose Pekerman: 68 yaş (03.09.1949)

Xose Pekerman 2012-ci ilin yanvar ayından etibarən Kolumbiya millisinə rəhbərlik edir. 68 yaşlı mütəxəssis ardıcıl ikinci mundialdı ki, komandanın başındadı. Onun rəhbərliyi altında cənubi amerikalılar oynadıqları 73 matçın 40-da (54.79%) qələbə qazanıblar. Qeyd edək ki, Pekerman daha öncə Argentina yığmasına da rəhbərlik edib. Təcrübəli çalışdırıcının CV-sində Argentinanın 20 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi kimi qazandığı üç dünya çempionluğu var.

Ulduz

Hames Rodriges: 26 yaş (12.07.1991)

2014-cü ildə keçirilən dünya çempionatında rəqib qapılarına 6 dəfə yol tapan və “Qızıl buts”un sahibi olan Hames Rodriges bu səfər komandasına daha da çox fayda vermək niyyətindədi. O, ilk dəfə 2011-ci ilin sentyabr ayında Boliviya ilə oynanılacaq matç üçün əsas komandaya çağrılıb. Bu müddət ərzində 62 oyunda meydana çıxan Hames 21 qolla yadda qalıb.

 

Dünya çempionatına gedən yol: Həlledici məqamlar

2015-ci il, noyabr

Uruqvaya 3:0 hesablı məğlubiyyətdən sonra orta sahədən bir nəfəri azaldıb, irəli xətt oyunçularının sayını üçə çıxaran Xose Pekermanın yetirmələri Çili kimi ağır səfərdə 1 xal qazanırlar – 1:1.

2016-cı il, mart

Boliviya səfəri öncəsində ilk 4 görüşdən sonra komandanın aktivində 4 xal var idi. Ev sahibləri Kolumbiyanın hesabdakı 2:0-lıq üstünlüyünə baxmayaraq, matça tarazlıq gətirirlər – 2:2. Lakin oyuna artırılmış birinci dəqiqədə səhnəyə Kardona çıxır və Kolumbiyaya 3:2 hesablı qələbə qazandırır.

2016-cı il, noyabr

Heyətdəki 7 dəyişiklik Pekermanın komandasına baha başa gəlir: Argentina 3 cavabsız qolla qalib gəlir.

2017-ci il, oktyabr

Paraqvayın son dəqiqələrdə vurduğu iki qol Kolumbiyanın mundial ümidlərini azaltsa da, beş gün sonra son təsnifat matçında Peru ilə matçda qeydə alınan 1:1 hesablı bərabərlik Rusiyaya “bilet” qazanmaq üçün yetərli olur.

Dünya çempionatına hazırlıq

Kolumbiya mundiala hazırlıq çərçivəsində üç yoxlama görüşü planlaşdırmışdı. Fransanı məğlubiyyətə uğradan (3:2) “üçrənglilər” Avstraliya və Misirlə qolsuz heç-heçəyə razı olublar.

 

Dünya çempionatında

Kolumbiya yığması Polşa, Seneqal və Yaponiya ilə birlikdə H qrupunda mübarizə aparacaq.

 

Qrup mərhələsi

H qrupu

I tur

19 iyun

16:00. Kolumbiya – Yaponiya

“Mordovia Arena”, Saransk

 

II tur

24 iyun

22:00. Polşa – Kolumbiya

“Kazan Arena”, Kazan

 

III tur

28 iyun

18:00. Seneqal – Kolumbiya

“Samara Arena”, Samara

 

Yekun iştirak ərizəsi

Qapıçılar: Xose Kuadrado ("Onse Kaldas"), David Ospina ("Arsenal", İngiltərə), Kamilo Varqas ("Deportivo Kali");

Müdafiəçilər: Santyaqo Arias (PSV, Hollandiya), Frank Fabra ("Boka Xuniors", Argentina), Yerri Mina ("Barselona", İspaniya), Xoan Moxika ("Jirona", İspaniya), Oskar Murilo ("Paçuka", Meksika), Davinson Sançes ("Tottenhem", İngiltərə), Kristian Sapata ("Milan", İtaliya);

Yarımmüdafiəçilər: Abel Aqilar ("Deportivo Kali"), Vilmar Barrios ("Boka Xuniors", Argentina), Xuan Kuadrado ("Yuventus", İtaliya), Cefferson Lerma ("Levante", İspaniya), Xuan Kintero ("River Pleyt", Argentina), Hames Rodriges ("Bavariya", Almaniya), Karlos Sançes ("Espanyol", İspaniya), Mateus Uribe ("Amerika", Meksika);

Hücumçular: Karlos Bakka ("Vilyarreal", İspaniya), Migel Borxa ("Palmeyras", Braziliya), Radamel Falkao ("Monako", Fransa), Xose İskierdo ("Brayton", İngiltərə), Luis Muriel ("Sevilya", İspaniya).

0