[b]Koreyalı futbolçular niyə forma nömrələrini dəyişirmişlər? - Məşqçidən maraqlı addım[/b]
18.06.2018 - 15:40
[b]Koreyalı futbolçular niyə forma nömrələrini dəyişirmişlər? - Məşqçidən maraqlı addım[/b]

Dünya çempionatında F qrupunun ilk turu çərçivəsində üz-üzə gələcək Cənubi Koreya və İsveç milliləri arasında maraqlı bir hadisə baş verib. Apasport.az saytının məlumatına görə, asiyalıların Rusiyaya gəlməmişdən öncə Avstriyada keçirdikləri təlim-məşq prosesini skandinavların texniki heyətindən Lars Yakobssonun gizli şəkildə izlədiyi ortaya çıxıb.

Rəsmilər tərəfindən aşkarlanan Yakobsson sonda arenanı tərk etmək məcburiyyətində qalıb. O, məşqin qapalı olduğunu bilmədiyini əsas gətirib.

Bu hadisə oyundan öncə mətbuat konfransında müzakirə mövzusuna çevrilib. İsveçin baş məşqçisi Yan Andersson koreyalılardan üzr istəyib. Rəqiblərinin onları izləməsini adi hal hesab edən Cənubi Koreya yığmasının baş məşqçisi Sin Txe Yön isə maraqlı və bir o qədər qeyri-adi metoda əl atdığını etiraf edib: “Bütün məşqçilər həmişə rəqiblərinin onları izləməsindən şübhələnirlər. İsveçlilərin bizim haqqımızda məlumat toplamağa çalışması normal haldı. Bu səbəbdən də, son məşqlərdə və hazırlıq görüşlərində oyunçularımız tamamilə fərqli nömrəli formalar altında meydana çıxırdılar. Avropalıların bizim simalarımızı fərqləndirməklə bağlı problem yaşadığını bilirdim. Ona görə bu addıma əl atdıq”.

Qeyd edək ki, İsveç – Cənubi Koreya oyunu bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

0