[b]Mahmud Qurbanov: Möcüzə gözləməyə dəyməz - MÜSAHİBƏ[/b]
07.10.2017 - 12:15
[b]Mahmud Qurbanov: Möcüzə gözləməyə dəyməz - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Yığmamız DÇ-2018-in seçmə mərhələsində evdə Çexiyaya məğlub oldu (1:2). Komandada nə çatmadı?

- Ümumiyyətlə, yığmaların oyununda ola bilər ki, 90 dəqiqə ərzində bir şans əldə edə bildin. Gərək ondan da istifadə edəsən. Mən deməzdim ki, biz lap yaxşı oynadıq. Amma  əlimizdən gələni etdik. Rəqib güclü idi. Etiraf edək ki, Çexiya millisi bizə oynamaq imkanı vermədi. Həmçinin qol vəziyyətləri də onlarda çox idi. Hesab 1:2 olarkən Ramil Şeydayevə bərabərlik qolu üçün yaxşı imkan düşsə də, istifadə edə bilmədi. İstəyirdik ki, seçmə mərhələnin evdəki son görüşündə ən azı məğlub olmayaq. Amma olmadı. Buna çox üzüldük.

 

- Bəzi futbolçular klublarında müntəzəm oynamasalar da, Çexiya ilə görüşdə meydana çıxdılar ki, bu da birmənalı qarşılanmadı...

- Bizdə geniş seçim imkanı yoxdu. Ola bilər ki, bir mövqe üçün 3-4 namizəd var və onlardan 2-si çağırılır. Robert Prosineçki artıq 3 ildi ki, yığmadadı. Həmin futbolçular əvvəllər klublarında da çıxış edirdilər və yığmaya çağırılırdılar. Onlar yığmanın oyun üslubunu yaxşı başa düşürlər. Baş məşqçi də həmin futbolçulara etibar etdi. Heç bir baş məşqçi yaxşı oyunçunu kənarda saxlamaz. Çünki o da nəticə qazanmaq istəyir. Bizdə fərdi şəkildə seçilən bir futbolçu yoxdu. Həmişə komanda şəklində mübarizə aparmışıq. Avropa arenasında da yalnız bu yolla uğur qazana bilərik.

 

- Almaniya ilə sabahkı görüşə hazırsınızmı?

- Almanlarla bir neçə dəfə üz-üzə gəlmişik. Onların gücündən danışmağa ehtiyac yoxdu. Dünyanın ən güclü komandalarından biridi. Qrupda keçirdikləri 9 matçın hamısında qələbə qazanıblar. Almanlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Rəqibin Şimali İrlandiya ilə son görüşünü izlədik. Çox rahatlıqla qalib gəldilər. Çalışacağıq bacardığımız qədər mübarizə aparaq.

 

- Möcüzə ola bilərmi?

- Məncə, möcüzə gözləməyə dəyməz. Onların futbolçuları ilə bizim heyəti müqayisə etmək yersiz olar.

 

- AÇ-2020 ilə bağlı hədəf bəllidi. Rəşad Sadıqovun gedişindən sonra komandanı meydanda kim toparlayacaq?

- Bizdə başqa təcrübəli futbolçular da var. Düşünürəm ki, kimsə bu vəzifəni öz öhdəsinə götürəcək. Belə qala bilməz. Rahid Əmirquliyev, Riçard  Almeyda, Bədavi Hüseynov, Cavid Hüseynov kimi oyunçularımız var. Onlardan hansı oynasa bu işi üzərinə götürməyə qadirdi.

 

- Robert Prosineçkinin müqavilə müddəti bitmək üzrədi. Kənardan elə təəssürat yaranır ki, “Bursaspor” məsələsi ortaya çıxdıqdan sonra Prosineçki beynində milli ilə vidalaşıb...

- Mən belə şey hiss etmirəm. Əvvəl necə idisə, indi də elədi. İstəyində, çalışqanlığında dəyişiklik yoxdu. Əlbəttə ki, qalmağını istəyərdim. Amma bizdən asılı olan şey deyil. DÇ-2020-yə də az zaman qalıb. Yeni baş məşqçiyə həmişə öz sistemini qurmaq üçün vaxt lazım olur. Azarkeşlərimiz isə gözləmək istəmirlər.

 

- Bəlkə elə komanda daxilində olan biri təyin olunsun? Məsələn, siz...

- Yox. Prosineçki müqavilə müddətini uzatsa, daha yaxşı olar. Uşaqlar onun meydanda nə istədiyini yaxşı bilirlər. Məncə, dəyişməyə ehtiyac yoxdu.

 

- Qarşıdakı dünya çempionatı ilə bağlı qoyulan hədəfə çatmaq mümkündümü?

- Mümkünsüz heç nə yoxdu. Qrupumuza düşəcək rəqiblərdən çox şey asılıdı. Bunu kağıza yazmaq asandı. Məşqçilər, futbolçular çox çalışmalıdılar. Bunu sözlə yox, işlə göstərmək lazımdı.

 

- Rəşad Sadıqova millidən getməsi üçün kənardan çox təzyiqlər oldu. Vaxtilə sizin də başınıza gələn bir hadisədi. Bu amil onun qərarına təsir edibmi?

- Bizdə pasporta baxırlar. Yaşın 30-u keçdisə və hansısa matçı bir az zəif keçirdinsə, müəyyən qrup insan deyir ki, artıq vaxtıdı. Gün keçdikcə bu cür düşünənlərin sayı artır. 35 yaşa gələndə hamı deyir ki, niyə getmir? Düzgün yanaşma deyil. Tələsdirmək olmaz. Futbolçu özü nə qədər gücünün olduğunu bilir. Komandaya xeyir verirsə, yaşının bir fərqi olmamalıdı. Bu cür suallar futbolçunun özünə pis təsir edir. Təbii ki, bu, təzyiq yaradır. Bizdə yaşlı oyunçu zəif çıxış edəndə, siyahıdan silirlər. Amma gənc futbolçu zəif oynayanda, deyirlər ki, yəqin gecəni yaxşı yatmayıb, formada deyil. Sanki hamı harasa tələsir.

 

Ruslan SADIQOV / Kayzerslautern

 

0