15 Fevral 18:39 Azərbaycan “Formula-1”dən 277,3 milyon dollar qazanıb
DİGƏR NÖVLƏR xəbərləri 15 Fevral 18:39
457 baxış

Azərbaycan “Formula-1”dən 277,3 milyon dollar qazanıb

“Formula-1” Azərbaycan Qran-prisinin ölkəmizə verdiyi xeyir açıqlanıb. Apasport.az saytının məlumatına görə, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə əsasən Bakıda keçirilən yarışlar Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

 

Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, 2016-cı ilin iyunundan bu günədək Bakıda baş tutmuş “Formula-1” yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Bu, yarışlar ərəfəsində F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildi.

 

Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, Bakıda baş tutmuş iki Qran-pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədar yaranmış digər gəlirlər daxildi.

 

İndiyədək Bakıda keçirilmiş iki Qran-pri ərəfəsində dolayı gəlirlər isə ümumilikdə 113,1 milyon dollar təşkil edib. Bu gəlirlərin içərisində yenə şəhərin turizm sektoru 14,9 milyon dollarla ən çox iqtisadi fayda götürən sektor olub. Hesabatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş “Formula-1” Qran-pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildi.

 

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi aprelin 27-29-da olacaq.

 

Xəbər lenti