[b]Azərbaycan poloçuları Dünya Kubokunda ikinci oldular - FOTOSESSİYA[/b]
17.06.2018 - 21:11
[b]Azərbaycan poloçuları Dünya Kubokunda ikinci oldular - FOTOSESSİYA[/b]

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Milli Atçılıq Festivalı çərçivəsində keçirilən arena polo üzrə VI Dünya Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışın sonuncu günü mükafatçıların adına aydınlıq gəlib.

 

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunan turnirdə öncə üçüncü yer uğrunda matç keçirilib. Hindistanın “İndian Polo & Riding Club New Delhi” (“Bot”) və İrlandiyanın “Polo Club Wicklow” (“Palladium”) klublarının duelində birincilər güclü olub. Nəticədə yarışda ilk qələbəsini qazanan "Bot" bürünc medala yiyələnib. Onlar irlandları 7:4 hesabı ilə məğlub ediblər.

 

Dünya Kubokun finalında isə Azərbaycanın “Elite Horse & Polo Club” (“PaşaBank”) və Almaniyanın “Rhein Polo Club Düsseldorf” (“Altun 97”) üz-üzə gəliblər. Turnirdə məğlub olmayan komandaların qarşılaşması daha maraqlı və gərgin alınıb. Belə ki, hesabı "PaşaBank" açsa da, üstünlüyünü qoruya bilməyib. Poloçularımız fasiləyə 1:2 hesabı ilə geridə yollanıblar. İkinci hissədə ssenari dəyişib. Bu dəfə təmsilçimiz 2, rəqib 1 dəfə fərqlənib - 3:3.

 

Üçüncü hissədə öndə bitirsək də (5:4), son 6 dəqiqə "Altun 97" yaxşı təsir bağışlayıb. Onlar son saniyədə vurduqları qol hesabına 7:6 hesabı ilə qələbə qazanıblar və çempion tituluna yiyələniblər. Azərbaycan poloçuları isə ikinci yerlə kifayətləniblər.

 

Komandalar mükafatları və kuboku Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

 

Beləliklə, iyunun 2-dən başlayan və 4 müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalına yekun vurulub. Bunadək cıdır, çövkən və konkur növləri üzrə yarışlar da təşkil olunub.

0