[b]Azərbaycan poloçuları Dünya Kubokunun finalında! [/b] - FOTOSESSİYA
16.06.2018 - 20:03
[b]Azərbaycan poloçuları Dünya Kubokunun finalında!

[/b] - FOTOSESSİYA

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində arena polo üzrə VI Dünya Kubokunu davam edir. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışda bu gün növbəti oyunlar baş tutub.

 

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunan turnirdə öncə Almaniyanın “Rhein Polo Club Düsseldorf” (“Altun 97”) və Hindistanın “İndian Polo & Riding Club New Delhi” (“Bot”) klubları güclərini yoxlayıblar. İrlandlara 8:5 hesabı ilə qalib gələn “Altun 97” bu dəfə də güclü olduğunu ortaya qoyub. Almanlar 1 gün öncə Azərbaycanın "PaşaBank" klubuna 6,5:7 hesabı ilə uduzan "Bot"u 9:3 hesabı ilə məğlub ediblər. Bu qələbə "Altun 97"ni finala yüksəldib. 

 

Onların həlledici matçda rəqibi Azərbaycanın “Elite Horse & Polo Club” (“PaşaBank”) və “Polo Club Wicklow” (“Palladium”, İrlandiya) klubları arasında baş tutan görüşdə bəlli olub. Matç təmsilçimizin üstünlüyü ilə başlayıb. İlk hissədə rəqib qapısına 2 dəfə yol tapan poloçularımız ikinci yarıda daha gözəl oyun nümayiş etdiriblər və fərqi 6 topa çatdırıblar.

 

Növbəti 12 dəqiqədə məğlubiyyətlə barışmaq istəməyən “Palladium” irəli atılıb və üçüncü hissədə hesabı 1:6 edib. Son yarı da rəqibin üstünlüyü ilə keçib. Onlar daha 2 dəfə fərqlənsələr də, qalıb tərəf  “Paşabank" olub - 6:3.

 

Festivala və VI dəfə keçirilən Dünya Kubokuna isə sabah yekun vurulacaq. Öncə "Bot"la “Palladium” 3-cü yerin sahibi müəyyənləşdirəcək. Ardınca isə final görüşündə "Altun 97" ilə "PaşaBank" üz-üzə gələcək.

 

Qeyd edək ki, iyunun 2-dən başlayan və 4 müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalında bunadək cıdır, çövkən və konkur növləri üzrə yarışlar da təşkil olunub.

0