Bədii gimnastlarımız II Avropa Oyunlarına maksimum sayda lisenziya qazandı
07.06.2018 - 09:39
Bədii gimnastlarımız II Avropa Oyunlarına maksimum sayda lisenziya qazandı

Bədii gimnastika üzrə Azərbaycan yığması 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına maksimum sayda lisenziya əldə edib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız bu nailiyyətə İspaniyanın Qvadalaxara şəhərində baş tutmuş Avropa çempionatının yekununa əsasən yiyələnib.

 

Lisenziyanın sahiblərindən biri fərdi proqramda ölkəmizi təmsil edən Zöhrə Ağamirova olub. Gimnastımız çoxnövçülükdə 63,200 xal toplamaqla adını şanslı idmançıların siyahısına yazdırıb.

 

Qrup hərəkətləri proqramında isə gimnastlarımız Siyana Vasileva, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramova icra etdikləri iki kompozisiyanın ümumi nəticəsinə əsasən 35,700 xal əldə edərək, ölkəmizə ikinci lisenziyanı qazandırıblar.

 

Aerobika gimnastikası üzrə millimizin üzvləri isə lisenziya xarakterli dünya çempionatında (Gimarayş, Portuqaliya) çıxış etsələr də, bu hüquqa yiyələnə bilməyiblər.

 

Qeyd edək ki, apreldə Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın idmançımız da lisenziya qazanaraq, bu oyunlarda iştiraklarını təmin etmişdilər.

 

Hesabında lisenziya olan digər gimnastika növü isə akrobatikadı. Belçikanın Antverpen şəhərində baş tutmuş dünya çempionatında qarışıq cütlüyümüzün uğurlu çıxışları onlara da Avropa Oyunlarına yol açmışdı.

 

İdman gimnastikasına gəldikdə, milli komandamızın üzvləri həm bu il, həm də 2019-cu ildə keçiriləcək Avropa çempionatlarında lisenziyalar uğrunda mübarizəyə qoşulacaqlar.

0