[b]Gimnastlarımız Dünya Kubokunun finalında[/b]
16.03.2018 - 09:56
[b]Gimnastlarımız Dünya Kubokunun finalında[/b]

Milli Gimnastika Arenasında idman Gimnastikası üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, ilk günün yekununa əsasən Azərbaycan millisinin qadın idmançıları 2 alətdə finalları artıq təmin ediblər.

 

Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşına, paralel qollarda isə Nekrasova və Mariya Smirnova medallar uğrunda mübarizə aparacaqlar.

 

Turnirin ikinci günü isə qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar. 

 

Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, paralel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar bu gün daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayacaqlar.

 

İdmançıların təsnifat yarışlarının ardınca turnirin açılış mərasimi start götürüb. İlk olaraq, tədbirdə açılış sözü ilə çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev iştirakçıları salamlayaraq, bu gün ölkəmizdə idmançılar üçün yaradılmış beynəlxalq standartlara cavab verən şəraitdən danışıb. Azərbaycanda bir çox irimiqyaslı yarışların təşkil olunduğunu qeyd edən Məmmədəliyev,  bütün bunların həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsi olduğunu vurğulayıb.

 

Rəsmi hissə bitdikdən sonra izləyicilərə “Gimnastika – gələcəyin səsi” adlı kompoziya təqdim olunub. Gənc ifaçı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə tamaşaçılarla bərabər Dövlət Himnimizi səsləndirərək, bədii hissəyə giriş edib. Ardınca meydança azyaşlı gimnastların ixtiyarına verilib. Maraqlı şou proqramla izləyicilərin qarşısına çıxan 130-dan çox gimnast öz bacarıqlarını sərgiləyərək, açılış mərasiminə yekun vurublar.

0