21 Fevral 18:59 Pxençxan-2018: Mütləq rekord vuruldu
DİGƏR NÖVLƏR xəbərləri 21 Fevral 18:59
332 baxış

Pxençxan-2018: Mütləq rekord vuruldu

Norveçli xanım xizəkçi Marit Byorqen Qış Olimpiya Oyunlarının mütləq rekordçusu olub. Apasport.az saytının məlumatına görə, 38 yaşlı idmançı bu ada qısa məsafəyə komanda yarışında bürünc medal qazanmaqla sahib çıxıb.

 

Belə ki, Mayken Karpersen Falle ilə cütlük təşkil edən Byorqen Olimpiya Oyunlarında bu gün keçirilən yarışda özünün 14-cü mükafatına yiyələnib. Hesabında 7 qızıl, 4 gümüş və 3 bürünc medal olan xizəkçi həmyerlisi, biatlon əfsanəsi Ule Eynar Byorndalenə məxsus rekordu arxada qoyub. Sonuncunun hesabında 8 qızıl, 4 gümüş və 1 bürünc mükafat var.

 

Qış Olimpiya Oyunlarında qazanılan qızıl medal sayında isə Marit Byorndalenlə yanaşı, daha bir norveçli xizəkçi Byorn Delidən də geri qalır. Hər iki kişi idmançı 8 dəfə Olimpiya çempionluğu yaşayıb.

 

Qeyd edək ki, Byorqen həm yay, həm də qış Olimpiya Oyunlarını nəzərə almaqla, Olimpiadalar tarixinin ən çox medal qazanan ikinci xanım idmançısıdı. O, 9 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan SSRİ gimnastı Larisa Latıninadan geri qalır.

Xəbər lenti