[b]Şef-de-missionun Olimpiada təfərrüatları: Bağlanış mərasiminə qalsaydıq...[/b]
27.02.2018 - 13:01
[b]Şef-de-missionun Olimpiada təfərrüatları: Bağlanış mərasiminə qalsaydıq...[/b]

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycan yığmasının şef-de-missionu Anar Bağırovun apasport.az saytına müsahibəsi

 

- Artıq 2 gündü Pxençxan-2018 başa çatıb. Söhbətə Olimpiadada yeganə təmsilçimiz olan Patrik Braxnerin çıxışı ilə başlayaq. Onun slalom yarışında finişə çata bilməməsini necə qiymətləndirirsiniz?

- Slalom çox çətin idman növüdü. Bu yarışda tək Braxner deyil, Olimpiya, dünya çempionları da yıxılıblar. Pxençxanda 108 idmançıdan 52-si ilk cəhdini başa vura bildi. Məsələn, norveçli xizəkçi birinci mərhələdə ilk sırada idi. Lakin ikinci cəhddə yıxıldı və finişə çatmadı. Patrikin də startı yaxşı idi. Amma sonra nəzarəti itirdi.

 

- Avstriyalı xizəkçinin finişə çatmaması ciddi tənqidlərə səbəb oldu. Daha yaxşı variant mümkün idimi?

- Burda bir sıra nüanslar var. Bəzi idmançılar yarışa vaxt baxımından qatılmışdılar. Digərləri isə qarşılarına finişə çatmağı məqsəd qoymuşdular. Həmin xizəkçilər üçün məsafəni 40 saniyəyə və ya 1 saata qət etməyin fərqi yox idi. Braxner də sürət tərəfini əsas tutdu. Vaxt baxımından rəqiblərini qabaqlamaq istəyirdi. Buna görə də alınmadı. Çünki Patrik dağın üst tərəfindən keçəndə orda külək vardı. Belə olduqda isə orda qar qalmır, buza çevrilir. Bu da idmançının sürüşməsi ilə nəticələnir.

 

- Braxnerin nəhəng slaloma qatılmaması da birmənalı qarşılanmadı. Çünki ölkəmizin Ağ Olimpiadadakı çıxışına baxdıqda görürük ki, slalomda heç bir idmançımız finişə çatmayıb. Elə Patrikin özü də Soçi-2014-də nəhəng slalomda sonadək yarışmışdı. Slalomda isə yarıyolda qalmışdı.

- Braxnerin sürətini nəzərə alınıb, onun yaxşı nəticə göstərməsini istəyirdik. Düşünürdük ki, slalomda daha çox şanslıdı. Yarışdan öncə - məşqdə də vaxt baxımından fərqlənirdi. Olimpiadada avstriyalı idmançı vardı. Soçi ilə Pxençxan Oyunları arasında keçirilən bütün yarışlarda bir dəfə də mükafatsız qalmamışdı. Avropa çempionatını, Dünya Kubokunu qazanmışdı. Mundialda medala yiyələnmişdi. O da sürüşüb, finişə çatmadı. Slalomda bir səhv etdinsə, hər şey bitir.

 

- Braxnerin slalomda şanslı olduğunu dediz. Onun hansı nəticəsi sizi qane edəcəkdi?

- Bilirsiz ki, bu idman növündə starta nə qədər tez çıxsaz, o qədər yaxşıdı. Getdikcə sürüşmə zonası daha da sərtləşir. Braxner də mübarizəyə 68-ci başladı. Bu idman növündə biz çempion ola bilmirik. Bu, mümkün də deyil. Şanslı olmaq “qırxlığ”a düşməyi hesab edirik. Bu və ya “30-luq” bizim üçün yaxşı nəticə hesab olunacaqdı.

 

- Bəs Braxnerlə çıxışı ilə bağlı söhbətiniz oldumu? Özü bu barədə nə dedi? İdmançı xarici mətbuata bildirmişdi ki, ayılanda bayrağın ayaqları arasında olduğunu görüb.

- Açıqlamasından xəbərim yoxdu. Özü ilə danışdıqda bildirdi ki, buz idi və bu səbəbdən də sürüşüb yıxıldı. O, yaxşı nəticə göstərmək istəyirdi. Bu səbəbdən də sürətlə gedirdi və bir anda nəzarəti itirdi. Bu da yıxılmağı ilə nəticələndi. 

 

- Bu uğursuzluqdan sonra Braxnerin yığmamızdakı perspektivi necə görünür?

- O, müəyyən müddət öncə karyerasını bitirmək istəyirdi. Lakin sonradan fikrini dəyişib, idmana qayıtdı. Ölkəmizi Olimpiadada təmsil etdi. Amma onun millidəki gələcək perspektivi ilə bağlı məlumat verə bilməyəcəyəm. Bu, federasiyanın səlahiyyətindədi. Özü ilə də bu barədə danışmamışıq.

 

- Əksəriyyət Qış Oyunlarında da yerli idmançının olmasını istəyir. Gələcəkdə 4, ya 8 ilə bu istəyin reallaşması mümkündürmü?

- Bəli. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Xizək İdmanı Federasiyası birgə söhbətlər aparırıq ki, bu işə yeniyetmələrdən başlayaq. Həmin idmançılar aşağı yaş qrupları üzrə yarışlara, Yeniyetmələrin Qış Olimpiya Oyunlarına qatılsınlar. Orda özlərini göstərdikdən sonra Qış Olimpiya Oyunlarında bizi təmsil etsinlər.

 

- Bizdə idmanın bu növünün inkişaf etmədiyini bilirik. Ölkə xaricində olan azərbaycanlılar arasında seleksiya aparılması mümkündümü? Çünki artıq bir neçə həmyerlimiz Azərbaycanda aidiyyatı orqanlara müraciət etdiyini, lakin müsbət cavab almadıqlarını açıqlayıblar.

- Bununla bağlı federasiya daha dəqiq məlumat verə bilər.

 

- Ümumilikdə Olimpiada barədə nə deyə bilərsiz? Azərbaycanla bağlı hansısa təbliğat işləri aparıldımı?

- Olimpiya Oyunlarında iştirak etməyin özü böyük bir işdi. Azərbaycan Yay Olimpiya Oyunlarında özünü yaxşı tərəfdən göstərir. Ağ Olimpiadada iştirak etmək də vacibdi. Bayrağımız Olimpiya kəndində qaldırıldı, açılış mərasimində dalğalandı. Bunun özü ölkə üçün böyük təbliğatdı. Təşkilatçılığı gəlincə, yalnız ünsiyyət baxımından çətinlik vardı. Koreyada ingilis dilini çox bilmirlər, bizi başa düşmürdülər. Bu səbəbdən də hər ölkəyə bir tərcüməçi – könüllü verilmişdi. Pxençxanda yayılan virusla bağlı da problemlər yaşandı. Bizə ayrılan könüllü də 3-4 günlük karantinə göndərildi, bizlə olmadı. Həmin virusa 2 günə yoluxmaq mümkün idi. Amma təhlükəsizlik, yarışların təşkili və bu kimi məsələlər hamısı yaxşı idi.

 

- Bayrağımızın Olimpiadada dalğalanmağının vacibliyindən danışdız. Amma Pxençxana yarışdan öncə yollanıb, bağlanış mərasimi ərəfəsində Koreyadan ayrıldız. Nümayəndə heyətimiz bir gün gözləyib, bayrağımızı könüllü deyil, özü apara bilməzdimi?

- Tək bizim deyil, bir neçə ölkənin bayrağını könüllülər apardı. Bizdə geri qayıtmağa bilet yerli vaxtla 00:30-a idi. Seuldan gəlməliydik. Rumıniya, Sloveniya və bir neçə ölkə də bizlə birgə geri dönürdü. Biz müraciət etmişdik, lakin bildirdilər ki, bağlanış mərasimini gözləsəz, təyyarəyə çata bilməyəcəksiz. Buna görə də tədbirdən öncə çıxmalı idik. Beynəlxalq Olimpiya Komitəsi ilə danışmışdıq və qrafik də ona uyğun qurulmuşdu.

 

0