[b]Siyahı açıqlandı: Azərbaycan dopinqdə “ilişənlər” sırasında[/b]
10.08.2017 - 09:07
[b]Siyahı açıqlandı: Azərbaycan dopinqdə “ilişənlər” sırasında[/b]

Təmiz Velosiped İdmanı Uğrunda Hərəkat (MPCC) 2017-ci ilin ilk 6 ayı ilə bağlı hesabatını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dopinqlə mübarizəyə xidmət edən qurum yanvarın 1-dən iyunun 30-dək qadağan olunmuş preparatlardan yararlanan atletlərin ölkələr və idman növləri üzrə siyahısını müəyyənləşdirib.

 

Ölkələr arasında ABŞ idmançıları “fərqlənib”. Bu ölkənin 73 atletinin dopinqdə “ilişdiyi” təsdiqlənib. İkinci olan Rusiyada bu rəqəm 24-dü. 16 idmançısı cəzalanan Hindistan ilk “üçlüy”ü qapayır.

 

Ümumilikdə 59 ölkənin yer aldığı siyahıya Azərbaycanın da adı düşüb. Ölkəmiz 2 idmançısının dopinqdə “ilişməsi” diqqətdən kənar qalmayıb. Bunlar güləş üzrə Olimpiya çempionumuz Toğrul Əsgərovla velosipedçimiz Maksim Averindi.

 

Ən çox idmançı beysbolda cəzalanıb – 52 nəfər. Atletikada 45, ağırlıqqaldırmada 33 idmançı diskvalifikasiya olunub. Təmsilçilərimizin “ilişdiyi” növlərə gəlincə, velosiped idmanında 11, güləşdə 6 nəfər cəzalanıb.

 

Qeyd edək ki, 6 ay ərzində dopinqə düşənlər 36 növü təmsil edirlər. 

0