8 İyun 10:53 Yığmamız “aradan çıxır”
DİGƏR NÖVLƏR xəbərləri 8 İyun 10:53
322 baxış

Yığmamız “aradan çıxır”

Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun üçün müəyyənləşən siyahıda Azərbaycan snayperləri də yer alıblar.

 

Lakin yığmamızın üzvləri son aylarla müqayisədə cədvəli “tərk” etməyə başlayıblar. Buna səbəb yığmalarımızın son aylarda beynəlxalq turnirlərdən kənar qalmasıdı. Artıq siyahıda cəmi 6 idmançımız qalıb ki, onların da mövqeyi ürəkaçan deyil.

 

Belə ki, güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov çıxış etdiyi hər 2 növdə geriləməkdə davam edir. İslamiadanın 5 qat mükafatçısı 10 m məsafəyə atəşaçmada 62-ci, 25 m-də isə 21-ci yerə enib. O, müvafiq olaraq, 18 və 10 pillə geriləyib. Halbuki Lunyov son 2-3 ay əvvələdək “10-luq”da, ən pis halda “20-lik”də qərar tuturdu.

 

Nigar Nəsirova da komanda yoldaşından geri qalmayıb. Yalnız 10 m məsafəyə atəşaçanların mübarizəsində reytinqə düşən təmsilçimiz 154-cü sıraya enib. O, birdən-birə 55 rəqibini özündən irəli buraxıb.

 

Stend atıcılığı üzrə yığmamız da demək olar ki, eyni vəziyyətdədi. Lakin onlarda son Dünya Kuboku hazırda davam etdiyindən idmançılarımızın mövqeyində ciddi dəyişiklik yoxdu. Lakin əvəzində cədvəldə sayımızda azalma var. Cəmi 3 snayperimiz siyahıya düşüb. Onlardan Emin Cəfərov (skit) yenə 65-ci, Aydan Camalova (trap) 81-cidi. Təmsilçilərimizdən yalnız Nurlana Cəfərova 2 rəqibinin geriləməsi səbəbindən 43-cü yerə qalxıb.