[b]AÇ: Altıncı günün qazancı: 2 "qızıl", 3 "bürünc", 2 final - YENİLƏNİB[/b]
05.05.2018 - 22:00
[b]AÇ: Altıncı günün qazancı: 2 "qızıl", 3 "bürünc", 2 final - YENİLƏNİB[/b]

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışa qoşulublar.

 

Aleksandr Qostiyev və Şərif Şərifov finala yüksəlibsə, Mircəlal Həsənzadə ilə Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda mübarizə aparacaqlar.

 

Həmçinin daha 5 pəhləvanımız həlledici döyüşə çıxacaq.

 

61 kq

Təmsilçimiz Mircəlal Həsənzadə 1/4 finalda isveçrəli Rendi Voksa 10:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinalda gürcüstanlı Beka Lomtadze önündə aciz qalıb - 0:12. Bu isə Həsənzadənin bürünc medal uğrunda mübarizə aparmasına zəmin yaradıb. O, 3-cü yer uğrunda görüşü sabah keçirəcək. Pəhləvanımızın rəqibi hələ bəlli deyil.

 

74 kq

Bu çəkidə yarışan Coşqun Əzimov da mübarizəyə 1/8 finaldan start verib. O, ilk rəqibi Andrius Majeykaya (Litva) uduzub - 6:8. Majeyka finala çıxa bilmədiyindən, Əzimov mübarizəni dayandırıb.

 

86 kq

Aleksandr Qostiev də digər iki komanda yoldaşı kimi yarışa 1/8 finalda başlayıb. Legioner güləşçimiz ilk cəhdində bolqar Məhmət Qazini 10:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda almaniyalı Ahmad Dudarova 6:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Final yolunda gürcüstanlı Sandro Aminaşvili də təmsilçilçimiz önündə eyni hesabla məğlub olub. Beləliklə, Qostiev həlledici görüşə vəsiqə qazanıb. O, sabah finalda Artur Nayfonovla (Rusiya) üz-üzə gələcək.

 

92 kq

Dünya çempionu Şərif Şərifov ilk olaraq 1/4 finalda moldovalı Nikolay Çebana qalib gəlib - 10:0. O, yarımfinalda türkiyəli Sərdar Boke önündə də çətinlik çəkməyib (10:0) və finala adlayıb. Şərifov həlledici görüşdə sabah Rusiya təmsilçisi Abdulraşid Sadullayevdən güclü olmağa çalışacaq.

 

125 kq

Ən ağır çəkidə mübarizə aparan Cəmaləddin Maqomedov isə turnirə 1/4 finaldan start verib. O, ilk rəqibi türkiyəli Taha Akgülə 2:4 hesabı ilə uduzub. Maqomedov sabah təsəlliverici görüşdə iştirak edəcək. Onun rəqibi İbrahim Saidov (Belarus) olacaq.

 

***

 

Bu gün həmçinin 57, 65, 70, 79, 97 kq çəkidə yarışan pəhləvanlarımız titul döyüşlərinə çıxıblar.

 

57 kq

İlk üç rəqibini asanlıqla keçən legioner Giorgi Edişeraşvili Avropa çempionu olmaq üçün son dəfə döşək üzərinə çıxıb. Təmsilçimiz gərgin keçən mübarizədə rusiyalı Zaur Uqiyevi məğlub edərək (5:3) Avropa çempionu olub.

 

65 kq

3 qat dünya və 1 dəfə Avropa çempionu olmuş Hacı Əliyev növbəti dəfə qitənin ən güclüsü olmaq üçün özünü sınayıb. O, son görüşündə Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş həmyerlimizin qalibiyyəti (8:7) və qızıl medalı qazanması ilə nəticələnib.

 

70 kq

Murtazali Müslimov üçüncülük üçün yarışıb. Pəhləvanımızın rəqibi Azamat Nurikau olub. Müslimov Belarus idmançısını 9:2 hesabı ilə üstələyərək, bürünc mükafata yiyələnib.

 

79 kq

İki dəfə Avropa çempionu olmuş Cəbrayıl Həsənov bu dəfə qitə birinciliyinin bürünc medallarına yiyələnib. O, 3-cü yer uğrunda görüşdə türkiyəli Muhammet Nuri Kotanoğludan üstün olub - 10:4.

 

97 kq

IV İslam Həmrəyliyi Oyunlarının qalibi Nurmaqomed Qadjiyev də Avropa birinciliyində “bürünc”ü qazanıb. Təmsilçimiz Maqomedqadji Nurovu (Makedoniya) məğlub edib - 4:0.

 

Qeyd edək ki, geridə qalan 5 gündə Azərbaycan güləşçiləri 10 mükafata sahib çıxıblar. Onlardan Eldəniz Əzizli (55 kq) və Mariya Stadnik (50 kq) hamıdan güclü olub. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (72 kq) və Elis Manolas (65 kq) yalnız finalda uduzaraq gümüş medal alıbsa, Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq) və Səbirə Əliyeva (76 kq) “bürünc”ə yiyələnib.

0